Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərindən birinin həyat yoldaşı öldürülüb.
Teleqraf.com-un Vesti.az-a istinadən xəbərinə görə, bu barədə Nijni Novqorodda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Birliyinin rəhbəri Vidadi Abbasov məlumat verib.
Onun sözlərinə görə, Nijni Novqorod şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Rasim Quliyevin 40 yaşlı arvadı vəhşicəsinə qətlə yetirilib. Hadisə şəhərin Kanavinski rayonunda törədilib. Azərbaycanlı ailə ilə eyni binanın birinci mərtəbəsində yaşayan 49 yaşlı şəxsə yuxarı mərtəbədəki qonşu uşaqların səs-küy salması xoş gəlməyib. O, qonşunun yaşadığı mənzilə qalxıb və hamilə olan azərbaycanlı qadınla mübahisə edib. Sonra öz mənzilinə qayıdan qonşu oradan ov tüfəngini götürərək yenidən yuxarı qalxıb. Sərxoş vəziyyətdə olan şəxs azərbaycanlı ailənin qapısını atəşə tutub. Bu vaxt qapının arxasında olan 40 yaşlı hamilə qadına bir neçə güllə dəyib və o, yerindəcə keçinib.
Azərbaycanlı qadının bir neçə gündən sonra dünyaya əkiz körpələr gətirəcəyi gözlənilirmiş. O, hamiləliyinin son günlərini yaşayıb. Bundan əlavə, onun iki azyaşlı övladı var.
Qətli törədən saxlanılıb. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası da verilə bilər.