Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10-yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanov hakim qarşısında son sözünü deyib.
Teleqraf.com xəbər verir ki, Dadaş İmanovun sədirliyi ilə keçirilən məhkəmə prosesində İlkin Süleymanov cinayətdə özünü təqsirli bilməyib.
İlkin Süleymanovun sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar əsassızdır və cinayəti törətməyib. Hadisədə ancaq şahid olub. Belə ki, 6 yanvar 2020-ci tarixində saat 19-30 radələrində Nərmin Quliyevanın meyitinin yanmış vəziyyətdə görüb. Məhz bundan sonra ona qarşı əsassız ittihamlar irəli sürülüb, ibtidai istintaq zamanı işgəncəyə məruz qalıb.
İlkin Süleymanov hakimə ağır işgəncələr altında törətmədiyi cinayəti məcburən etiraf etməli olduğunu bildirib:
"Mənə ağır işgəncələr verilib, ona kimsə dözə bilməzdi. Sonra məni yaxınlarımla hədələdilər. Cinayətdən xəbərsiz olduğumdan ifadə verən vaxtı tərəddüdlər yaşamışam. Məndən ifadəyə qol çəkməyimi tələb etdilər. Əks təqdirdə yaxınlarımı da şərləyərək həbs edəcəkləri bildirdilər.
İfadələrimi hadisə yerində kamera qarşısında verdiyim zaman nə deyəcəyimi bilmirdim.
Ekspertiza rəyləri də göstərir ki, mən günahsızam və cinayət məqsədli şəkildə üstümə atılıb. Ekspertlər təsdiq edə bilərlər mənim üzərimdə zorakılıq izləri olub. Mənə qısa deyildi ki, bizə "qurban" lazımdır".
İlkin Süleymanovun çıxışı təxminən 40 dəqiqə çəkib.
Məhkəmə prosesi 5 iyun tarixinə, saat 10 təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
***
14:21
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanovun məhkəmə prosesi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, hakim Dadaş İmanovun sədirlik etdiyi proses bir saat sonra başlayacaq.
Qətldə təqsirli bilinən İlkin Süleymanov son sözünü deyəcək.
Bundan əlavə, məhkəmədə hökm oxunması gözlənilir.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.
2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.