7 İyun 2023 14:05
5 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 1982-ci il təvəllüdlü Abbas tanışı Gülnara (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Abbas Gülnarı öldürəcəyi ilə hədələyib və əynində olan bütün paltarlarını soyunmağa məcbur edib.

Buna nail olduqdan sonra Gülnara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Onunla zorla təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 145.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla qanunsuz azadlıqdan məhrum etmə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, nömrəsiz fərdi yaşayış evində yaşayıb: “Zərərçəkmiş Gülnarı təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarından tanımışam. Aramızda dost münasibətləri olub və mobil telefonla danışmışıq. Dövlət qurumlarının birində işləyən Gülnar yaşadığım ərazinin təmizlənməsinə nəzarət edib. Bununla bağlı vətəndaşlardan ödənişləri toplayıb”.

“Yataq otağında çay içdik”

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 29-da günorta saatlarında yeznəsi Əli ilə birlikdə yaşadığı evdə olub: “Həmin vaxt evdə həm qonaq, həm də yataq otağı kimi istifadə etdiyim otaqda yatmışdım. Təxminən saat 13-14 radələrində qapı döyüldü. Qapını açdıqda Gülnarı gördüm.

Gülnar bundan sonra zibil pulu ödəməyim üçün qapının yanında divarda işarə etdiyini bildirdi. Həmçinin birazdan gələrək mənimlə çay içəcəyini dedi, məndən çay dəmləməyimi istədi. Evə keçib çayı dəmə qoydum. Təxminən 10 dəqiqə sonra Gülnar geri qayıdaraq könüllü şəkildə evə daxil oldu.

Gülnarla yataq otağında əyləşərək çay içdik. Yeznəm Əli isə həmin otaqda divanda yatmışdı”.

“Bir-iki dəfə vurdum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülnar saat 18 radələrinədək onunla qalacağını deyib: “Mən də etiraz etmədim. Ondan yemək yeyib-yemədiyini soruşdum, ac olduğunu bildirdi. Buna görə birlikdə yemək yeməyi təklif etdim. Yeznəm yuxudan duraraq xanımın kim olduğunu soruşdu. Mən də yaxın adam olduğunu dedim və onları tanış etdim.

Yeznəm Gülnarla salamlaşdıqdan sonra əl-üzünü yuydu, çay içdi və çölə çıxaraq avtomobilinin təkərlərini yumağa başladı. Həmin vaxt yeznəm qapını açıq qoydu. Gülnardan nə içəcəyini soruşdum. O, çaxır içəcəyini bildirdi.

Təxminən saat 15 radələrində bazarlıq etmək üçün yeznəmilə birlikdə yaxınlıqda yerləşən marketə getdi. Evdən çıxan zaman qapını çöldən bağlamadım. Gülnar özü qapını içəridən bağladı.

Marketdən toyuq, yarım litrlik araq, bir litrlik çaxır və digər qida məhsulları aldım. Sonra evə qayıtdım. Toyuğu doğradım və Gülnarla bir yerdə bişirdik. Yeznəm yeməyini yeyib getdi. Gülnarla yemək yeyib, spirtli içki içməyə davam etdik. Birlikdə çaxır və araq içdik.

Gülnar mənə az içməyimi dediyi üçün aramızda mübahisə yarandı. Onun üz nahiyəsinə bir-iki şillə vurdum”.

“Polisə qapını açmadım, çünki...”

Abbas bildirib ki, təxminən saat 22 radələrindən sonra evdə uzanıb və telefonla internetdə olan zaman Gülnar pəncərənin qarşısında dayanaraq polis əməkdaşlarının gəldiyini bildirib:

“Pəncərədən baxanda həqiqətən polislərin gəldiyini gördüm. Nə baş verdiyini anlamadım. Polis əməkdaşları məndən qapını açmağı və Gülnarı azad etməyimi tələb etdilər.

Gülnarın evimdə könüllü olduğunu dedim və sonra qapını açmadım. Bacıma zəng etmək istəsəm də, telefonumu tapa bilmədim. Gülnarın təklifi ilə onun mobil telefonundan bacıma zəng edərək evin qarşısına polislərin gəldiyini dedim. Gülnar telefonu məndən aldı və özü də bacımla danışdı. Bacıma öz xoşu ilə evimdə olduğunu bildirdi”.

“Seksual hərəkət etməmişəm”

Abbasın ifadəsinə görə, bundan sonra polislər yenə ondan qapını açmağı tələb ediblər: “Bir müddət sonra qapını açdım. Polislərion qapını guya zorla açılmalarına dair iddiaları əsassızdır.

Polislər içəri daxil olan kimi məni saxladılar. Mən Gülnarı öldürməklə hədələməmişəm. Onun sifət nahiyəsinə bir-iki şillə vursam da, əllərimlə başına, dəri kəmərlə bədən nahiyəsinə vurmamışam. Onu zorlamamışam, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Onu zorla evində saxlamamışam.

Ümumiyyətlə, Gülnarla heç bir şəkildə cinsi əlaqədə olmamışam. O, spirtli içkinin təsiri altında olduğundan gecə saatlarınadək evimdə qalıb”.

“Arvadını qeyrət üstündə öldürdüyü bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarın sözlərinə görə, 20 avqust 2021-ci ildən dövlət qurumlarından birində mühasib vəzifəsində işləyib:

“Mənim vəzifəm qəsəbədə evləri piyada gəzərək ərazinin təmizliyinə nəzarət etməkdən, özümü təqdim edərək müqavilə bağlamağın zəruri olması barədə ərazidə yaşayan vətəndaşlara məlumat verməkdən, müqavilə bağlamış mənzil sahiblərindən məişət tullantıları üçün nəzərdə tutulmuş aylıq rüsumu alaraq yerindəcə qəbz verməkdən ibarətdir.

29 noyabr 2021-ci ildə saat 10.30-da vəzifəmi yerinə yetirmək məqsədi ilə qəsəbəyə gəldim. Ərazidə təmizliyə baxdıqdan sonra rəhbərliyə məruzə etdim. Bir neçə sakinlərlə təmizliyə riayət olunması, ödənişlərlə bağlı söhbət apardıqdan sonra saat 13 radələrində vətəndaşın yaşadığı nömrəsiz evin qapısını döydüm, ona kommunal xərcin ödənişini xatırlatdım.

Həmin evin yanındakı növbəti evin qapısını döydükdə qapını sonradan adı mənə məlum olan Abbas açdı. Həmin şəxsi ilk dəfə gördüm, onunla əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb.

Ona özümü təqdim edərək kommunal ödənişlər üçün narahat etdiyimi bildirdim. Təqsirləndirilən şəxs özünü mənə Abbas kimi təqdim etdi, bir müddət əvvəl arvadını qeyrət üstündə öldürdüyünü, törətdiyi həmin cinayətə görə cəzaçəkmə müəsissəsindən yeni buraxıldığını, heç bir ödəniş etməyəcəyini bildirdi”.

“Fikirləşdim ki, mənə hər şey edə bilər”

Zərərçəkmiş deyib ki, Abbas havanın soyuq olduğunu deyib və onu evə çay içməyə dəvət etsə də, bu dəvətdən imtina edib:

“Abbas anidən sağ qolumdan tutaraq məni mənzilə saldı və evin giriş qapısını açarla bağladı. Həyəcanlanaraq Abbasdan məni sərbəst buraxmasını tələb etsəm də, bununla razılaşmadı. Çay içməyəcəyim halda məni buraxmayacağını dedi, qapının ağzında dayandı. Xarici görünüşünə görə də Abbas dediyi kimi cinayətkara bənzədi. Ondan qorxdum və mənə zərər yetirə biləcəyini düşündüm. Məcbur onunla çay içməyə başladım. Çayı içib dərhal getməyi fikirləşdim.

Evə girişdə olan mətbəx kimi istifadə olunan otaqda stulda əyləşdim. Abbas isə üzü mənə, arxası qapıya tərəf olmaqla ayaq üstə dayandı. Digər otağın qapısı isə bağlı idi.

Abbas dizi üstə qarşısımda oturdu və əllərini dizlərimə atdı. Mən çox qorxdum. Həmin vaxt fikirləşdim ki, arvadını öldürən adam mənə hər şey edə bilər. Lakin çalışdığım qədər özümü sakit apararaq bunu büruzə vermədim”.

“Qarşımda diz çökdü, əlini...”

Gülnar qeyd edib ki, Abbasdan ondan uzaq durmasını tələb edib: “O, masanın üzərində olan otverkanı götürdü və səsimi çıxardacağım təqdirdə məni öldürəcəyi ilə hədələdi. Mənə“səni deşik-deşik edəcəm” deyə bildirdi.

Qəfildən sağ əli ilə sol gözümə şillə ilə güclü zərbə endirdi. Zərbə çox güclü olduğundan qısa müddət sol gözüm görmədi və başım gicəlləndi. Özümə gələndə şok vəziyyətində oldum. Hara düşdüyümü, nəyə görə vurulduğumu anlamadım.

Abbas şalvarımın bağını açaraq aşağı dartmaq istədikdə, özümü müdafiə etmək üçün ona cırmaq atdım. Dırnaqlarım Abbasın sağ qulağına keçdiyindən qulağı qanadı. Buna görə Abbas çox əsəbləşdi və şalvarından kəmərini çıxararaq məni boğacağını bildirdi. Onun niyyətini başa düşərək yalandan qadın xəstəsi olduğumu, iki-üç günə sağalıb öz xoşumla onunla münasibətdə olacağımı bildirdim.

Abbas mənə inanmayaraq yalan danışdığımı bildirdi. Kəməri əlinə dolayanda məni vurmamasını xahiş etdim. Ona nə istəsə edəcəyimi, onunla cinsi əlaqədə olacağımı bildirdim. Abbasın dediyi kimi məni boğub öldürəcəyindən qorxdum”.

“Mənə qarşı iyrənc hərəkətlər etdi”

Gülnarın sözlərinə görə, hətta danışarkən Abbas ona səsini yüksəltməyə qoymayıb, ucadan danışacağı halda onu öldürməklə hədələyib:

“Qorxduğumdan, həmçinin paltarlarım cırıldıqdan sonra ailə üzvlərimə nə cavab verəcəyimdən narahat oldum. Əynimdəki bütün paltarlarımı Abbasın tələbi ilə soyundum və çılpaq vəziyyətdə stulda əyləşdim.

Abbas əlində kəmərlə ayaq üstə dayanaraq əvvəlcə şalvarını və tumanını çıxartdı. Sonra mənə qarşı iyrənc hərəkətlər etməyə başladı. Bu, təxminən bir dəqiqə davam etdi”.

“Bununla razılaşdı”

Zərərçəkmiş şəxsin sözlərinə görə, daha sonra Abbas onunla zorla təbii yolla ayaq üstə və döşəmənin üzərində cinsi əlaqədə olub: “Bu hadisə evin mətbəx otağında baş verib. Həmin vaxt digər otaqdan, yəni qonaq və yataq otağı kimi istifadə olunduğu görünən otaqdan kişi səsi eşitdim. Həmin otağın qapısı bağlı idi. Evdə daha bir nəfər şəxsin olduğunu bildim.

Abbasdan onun kim olduğunu soruşdum, yeznəsi olduğunu deydi. Onun yatdığını, bizə mane olmayacağını bildirdi.

Sonra Abbas məni digər otağa saldı. Yeznə dediyi şəxs divanda yatmışdı. Abbas mənimlə digər çarpayıya əyləşdi, cinsi əlaqədə olmağa davam etmək istədi.

Etiraz edərək digər şəxsin gözü qarşısında cinsi əlaqədə olmaq istəmədiyimi dedim. Abbas da bununla razılaşdı”.

“Mənə nəsə edə biləcəyindən qorxdum”

Zərərçəkmiş deyib ki, bundan sonra paltarlarını geyinib və çarpayıda oturub: “Təxminən saat 13.00-da iş yoldaşım Aydından zəng gəldi. Abbasın razılığı ilə telefona cavab verdim. Aydın harada olmağımla maraqlandı. Nəsrin adlı xanımın qonşuluğunda qəbz yazmaqla məşğul olduğumu bildirdim. Zəngə cavab verməmişdən qabaq Abbas məni hədələyərək telefonda artıq nəsə deyəcəyim halda məni sağ buraxmayacağını bildirdi.

Abbas mənə Aydınla danışmağa ona görə icazə vermişdi ki, işdən məni axtarmasınlar. Təxminən saat 15.30-da Abbas yeznəsini yuxudan oyadaraq marketdən yemək almağı tapşırdı. Məni yeznəsinə mənzil-kommunal təsərrüfat birliyinin əməkdaşı kimi təqdim etdi. O da mənə “xoş gəlmisiz” deyərək çölə çıxdı. Abbas da onun arxasınca çıxdı. Lakin qısa müddət sonra geri qayıdaraq məndən borca pul istədi.

Özümü onun hər dediyini etmək məcburiyyətində hiss etdiyim üçün könüllü olaraq 20 manat verdim. Əks halda Abbasın mənə nəsə edə biləcəyindən qorxdum”.

“Niyyətim bıçağı əlindən almaq olub”

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bundan sonra Abbas bazarlıq etmək üçün yeznesi ilə birlikdə marketə gedib və evdən çıxarkən qapını arxadan açarla bağlayıb:

“Mən təxminən 15-20 dəqiqə evdə tək qaldım. Pəncərələrdə dəmir barmaqlıqlar olduğundan qaça bilmədim. Kömək çağırmaq üçün pəncərədən çölə baxsam da, heç kəsi görə bilmədim. İş yoldaşım Vaqifə zəng etdim, Aydının mənim olduğum yeri təxmini bildiyini dedim, ona zəng etməsini xahiş etdim. Lakin qadın kimi adımın pis çıxmasından və iş yoldaşlarımın mənə pis baxmasından utandığım üçün o anda zorla evdə saxlanıldığımı, zorlandığımı Vaqifə bildirmədim.

Ümid etdim ki, bu məsələ tezliklə salamatçılıqla bitsin, birtəhər canmı qurtararaq biabır olmadan sağ-salamat evinə dönə bilim. Həmçinin Vaqifdən nömrəmin balansına pul yükləməsini xahiş etdim. Vaqif də balansıma 2 manat yüklədi.

Həmin vaxt Abbasgil evə gəldilər. Onlar çörək, toyuq, kartof, soğan, çaxır və araq aldılar. Abbas məndən toyuğu doğramağımı tələb etdi. Mən imtina etdikdə isə toyuğu özü doğramağa başladı.

Toyuğu doğraya-doğraya mənə baxaraq “bir dəli şeytandı deyir bıçağı altdan sal yuxarıya qədər cır get” dedi. Bu zaman qorxduğumdan bıçağı Abbasın əlindən aldım. Ona toyuğu guya yaxşı doğramadığını deyərək özüm doğramağa başladım. Əslində isə niyyətim bıçağı onun əlindən almaq olub”.

“Tez-tez “sən ölməli qadınsan” sözlərini təkrar edirdi”

Zərərçəkmiş qeyd edib ki, Abbas özü toyuqla kartofu qızadıb, yeznəsi ilə yeyib, onu da yeməyə məcbur edib:

“Abbasın fikri yayınan zaman əllərimlə işarə etməklə yeznəsindən məni də aparmasını xahiş etdim. Amma həmin şəxs bundan imtina etdi və bir müddət sonra özü tək getdi.

Abbasın yeznəsi getdikdən sonra mənimlə yenidən cinsi əlaqədə olacağını bildirdi. Ona ailəmin, ərimin, övladlarımın olduğunu dedim. Məni buraxması üçün çox yalvardım. Abbas getmək istədiyimi gördü və ardıcıl olaraq şillə ilə baş nahiyəmə vurdu. Sözlərinə qulaq asmasam, mənə əzab verəcəyini bildirdi. Abbas tez-tez “sən ölməli qadınsan” sözlərini təkrar edirdi. Bu da məni qorxutdu. Abbasın məni öldürmək istədiyinə inanaraq onunla razılaşdım”.

“Qadını olacağımı bildirdi”

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Abbas yeznəsinin yatdığı divanda yenə onunla cinsi əlaqədə olub: “Əvvəlcə Abbas mənimlə təbii yolla, sonra isə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Cinsi əlaqəni dayandırmaq istədim. Bu zaman Abbas müqavimət göstərdi, yəni məni döydü. Kəmərlə sol bud nahiyəmə güclü zərbələr vurdu. Bundan sonra təkrar-təkrar Abbasa evə getmək istədiyimi dedim. Məni buraxması üçün yalvardım. Abbas isə məni buraxmayacağını, bundan sonra onun qadını olaraq onunla qalacağımı bildirdi”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Abbas aldığı çaxırı açaraq onunla birlikdə içməyə məcbur edib: "Çaxırı içdikdən sonra 250 qramlıq arağı açdı və məni də içməyə məcbur etdi. Abbasın arağı içəcəyi halda yatacağı ümidi ilə mən də az içdim. Yerdə qalanı isə Abbas özü içdi. Mənim təxmin etdiyim kimi Abbas çarpayıda yatdı.

Mən də fürsətdən istifadə edərək iş yoldaşım Elçin və Azərin olduğu ünvanı, xəsarət aldığımı göstərmək üçün şəklimi çəkərək vatsapla göndərdim. Döyülməyimi, azad olunmağıma kömək etmələrini, məni tapmaları üçün işarə vermək məqsədi ilə papkanı pəncərədən çölə atacağımı yazdım.

Həmçinin digər iş yoldaşım Vaqifə “Məni azad edin, xahiş edirəm, Nəsrin xanımın yaxınlığındayam, "turemşik"in evində, bir tərs hərəkət etsəniz, o məni öldürə bilər” məzmunlu sms yazdım. Mən papka deyəndə evdə olan balaca bloknotu nəzərdə tutdum və yazdığım kimi də edərək bloknotu pəncərədən atdım. Evdə qapının açarını axtarsam da, tapa bilmədim. Məcbur olub kömək gözlədim”.

“Özümü elə göstərdim ki, guya kömək edirəm”

Gülnarın sözlərinə görə, təxminən saat 22 radələrində pəncərənin qarşısında polis və mülki geyimli şəxslər görüb: “Onlara işarə ilə köməyə çağıran şəxs olduğumu bildirdim. Pəncərədən Abbasın yatdığını, onda bıçaq olduğunu dedim. Abbasın istifadəsində olan “Samsung” markalı mobil telefonu da pəncərədən polis əməkdaşına verdim.

Bundan sonra Abbası yuxudan oyatdım və özümü baş verənlərdən xəbərsiz kimi apararaq evin qarşısına polislərin gəldiyini bildirdim.

Abbas pəncərədən baxdı və “suka, sən məni satdın” dedi. Yalandan polislərin yəqin ailəmin məndən xəbər almamasına görə axtarışla bağlı gəldiklərini söylədim. Həmçinin “sən narahat olma, polislərdən səni müdafiə edəcəm, gözümdə olan xəsarət izi ilə bağlı deyəcəm ki, guya məni bir insan döymək istəyəndə sən məni xilas etmisən və evə salmısan” deyə bildirdim.

Abbas mənə inandı və telefonunu axtarmağa başladı. Lakin tapa bilmədi. Polislər Abbasdan qapını açmağı tələb etdilər.

Abbasdan telefonun nə üçün lazım olduğunu soruşdum. O, anasıgilə zəng edəcəyini dedi. Telefonumu ona verdim və hara istəsə zəng edə biləcəyini bildirdim. Yalandan guya onun telefonunu axtarırmış kimi hərəkət etdim. Evdən sağ-salamat çıxa bilməyim üçün özümü elə göstərdim ki, guya ona kömək edirəm”.

“Məni azad etdilər”

Gülnar bildirib ki, öz mobil telefonu ilə Abbasın dediyi nömrəyə zəng edib və telefonu ona verib:

“Abbas telefonda bacısı ilə danışaraq polislərin evi qarşısına gəldiklərini, onu aparmaq istədiklərini bildirdi. Sonra telefonu mənə verərək “götür, bacıma başa sal” dedi. Mən telefonu götürərək adını bilmədiyim xanımla danışdım və ona yalandan Abbasın mənə heç nə etmədiyini, məni döymək istəyən bir nəfərin əlindən xilas etdiyini, bu barədə polislərə də izahat verəcəyimi bildirdim.

Abbas artıq mənə güvəndi, bir az sakitləşdi. Lakin yenə də qapını açmağa qorxdu. Polis əməkdaşları bayırdan danışıqlar apararaq qapını açmağı tələb etsələr də, Abbas imtina etdi. Bu, təxminən saat 23.00, bəlkə də 23.30 radələrinə kimi davam etdi.

Bundan sonra polisr əməkdaşları məcbur olaraq qapının qıfılını sındırmaq üçün hərəkətə keçdilər. Nəhayət, qapını hansısa alətlərlə sındırdılar, məni azad etdilər. Mən çölə çıxanda orada xeyli sayda insanın və polis əməkdaşlarının olduğunu gördüm”.

“Heç bir halda bağışlamıram”

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt əri ona yaxınlaşıb: “Mən orada olan polis əməkdaşlarına Abbasın məni zorladığını, zorla evdə saxladığını bildirdim. Ona görə də sonradan məcbur olaraq hadisənin qanuni şəkildə araşdırılması üçün rəsmi şəkildə şikayət etdim.

Başıma gətirlən bu əməllərdən sonra həyat yoldaşım stresdən ağır xəstəliyə tutuldu. Ötən müddət ərzində yaşadığım ünvanı dəyişmişəm. Amma Abbasın qohumları yenə məni taparaq barışmaq istəyiblər. Guya əslində heç bir zorlanma və başqa əməllər edilməməsi barədə ərizə yazmağımı təklif ediblər.

Keçirdiyim ağır streslərə görə, bir qadın kimi bu şəkildə başıma gətirilənlərə görə Abbası heç bir halda bağışlamıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abbas ilk dəfə 2006-cı ildə məhkum olunub. O, həmin dövrdə Cinayət Məcəlləsinin 304.1 (cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.2 (təkrar quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 29,149.1-ci (zorlamaya cəhd) maddələri ilə təqsirli bilinib və 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Xətai rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cəzadan 1 il 2 ay 10 gün vaxtından əvvəl şərti azad olunub.

Bundan sonra isə Abbas oğurluq etməkdə və rəsmi sənədləri saxtalaşdırmağa görə 2018-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə 3 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə Xətai rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər