9 İyun 2023 12:42
5 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər – “N” saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri olmuş Ruslan Mikayılov və gizirlər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Sumqayıt Məhkəmə Komleksində Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakim Camal Ramazanovun məruzəsi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərdən Ruslan Mikayılovun vəkili Telman İbrahimov bir sıra vəsatətlə çıxış edib.

Telman İbrahimov bildirib ki, Tərtər hadisələrilə bağlı daha bir 4 nəfərlik qrupun – o dövrdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi, polkovnik Rəşid Niftəliyev, həmin vaxt müddətdən artıq xidmət edən kəşfiyyatçı - hərbi qulluqçular olan Ramil Qarayev və Rüstəm Ələsgərovun işinə də eyni hakimlər kollegiyası baxır.

Vəkil qeyd edib ki, belə olan halda, bu iki işin nəticəsi bir-birindən asılı vəziyyətə düşmüş sayılır: “O dörd nəfərin işi ilə bu dörd nəfərin işi eynidir. Ona görə də ya bir icraatda birləşdirilməli, birlikdə baxılmalıdır, ya da bu işlərə eyni hakimlər tərəfindən baxıla bilməz. Çünki məhkəmə kollegiyasında bu işlərdən biri üzrə hökm çıxaranda avtomatik o biri iş üzrə də fikir formalaşmış olacaq”.

Digər vəkil Türkel Süleymanlı da vəsatəti dəstəkləyib. O bildirib ki, işgəncələrə göstəriş vermiş yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün işləri ayırıb məhkəməyə göndəriblər.

İş üzrə çıxış edən prokuror Orxan Səmədov vəsatətə etiraz edib: “Bu iş geniş həcmli və çox epizodludur. Bu işə məhkəmə baxışı zamanı çevikliyi, tezliyi təmin etmək məqsədilə ayırıb məhkəməyə göndəriblər”.

Dövlət ittihamçısı fikirini əsaslandırarkən Konstitusiya Məhkəməsinin qərarına istinad edib. Bu səbəbdən vəkilin etirazı baxılmamış saxlanılıb.

Vəkil Telman İbrahimovun daha bir vəsatəti Tərtər hadisələri zamanı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş Fuad Ağayevin şahid qismində dindirilməsi olub. O deyib ki, Fuad Ağayev hazırda həbsdədir. O, bundan əvvəl Tərtər işgəncələrinə görə 10 il azadlıqdan məhrum edilib. 2021-ci ildə Tərtər işi üzrə icraat təzələnəndən sonra onunla bağlı yeni epizodlar üzə çıxıb.

Zərərçəkmişlər də bu vəsatəti müdafiə edib. Onlar bildirib ki, nəinki Fuad Ağayev, hətta korpus komandiri, general Hikmət Həsənov da çağırılıb dindirilməlidir.

Prokuror Orxan Səmədov vəsatətin baxılmamış saxlanmasını təklif edib. Hakimlər bu vəsatətin də baxılmamış saxlanması barədə qərar qəbul ediblər.

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub və prokuror ittiham aktını elan edib. İttiham aktının həcmi 500 səhifədən çoxdur.

İttiham aktında təqsirləndirilən şəxslərin sorğuya cəlb olunan hərbçiləri döyməsi, onların bədəninə yanan siqaret basması, plastikləri əridib üstlərinə tökməsi, bədənlərinin müxtəlif nahiyələrinə elektroşok qoşması, butılka ilə zorlaması, su çəlləklərinə başlarını salıb boğulana qədər saxlaması və s. hərəkətlərindən bəhs olunur.

Qeyd olunub ki, bu cür hərəkətlər nəticəsində hərbçilərdən Elxan Ağazadə, leytenant Təmkin Nizamioğlu dözməyərək dünyasını dəyişib. Bir sıra hərbçilər işgəncələr qarşısında düşmənə casusluq etmələri haqda yalan ifadəyə imza atıb.

Nəticədə dövlətə xəyanət ittihamıyla həbs olunublar.

Həmin şəxslərdən biri – dövlətə xəyanət ittihamıyla 16 il həbs cəzasına məhkum edilib, 5 il 6 aydan sonra – 2022-ci ilin dekabrında bəraət alaraq azadlığa çıxmış, hazırda məhkəmədə zərərçəkmiş qismində iştirak edən Müşfiq Əhmədli prokurorun ittiham aktında oxuduğu işgəncə faktlarını dinləyərkən vəziyyəti pisləşib. O, huşunu itirib.

Məhkəmə zalında olan şəxslər ona yardım göstəriblər.

Növbəti proses iyunun 14-də davam edəcək.

Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, və Elçin Əliyevin barəsində Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) maddələrilə ittiham verilib.

Cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb.

Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu günahsızdır və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər