12 May 2014 17:11
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Qalib Heydərov əmisinin kürəkəni İslam Əliyevi bıçaqlayaraq öldürüb. Hadisə ötən il iyunun 26-da axşam saatlarında rayonun Qaravəlli kəndində baş verib.

Həmin vaxt öz həyətində olan Qalib Heydərov əmisi arvadı Kubra Məmmədovanın evindən bərk səs-küy, qışqırıq səsləri eşidib. O, əmisigilə baş çəkəndə əri İslam Əliyevdən küsmüş əmisi qızı Bahar Məmmədovanın ata evində olduğunu, İslam Əliyevin isə arvadını geri qaytarmaq üçün arxasınca gəldiyini bilib. Məlum olub ki, evdə dava-dalaş zamanı İslam Əliyev bıçaqla Baharı vurmaq istəyib, amma onun araya girən bacısı Əfruzun əlini kəsib. Daha sonra İslam azyaşlı qızları Humay və Leylanı da özüylə götürüb gedib.

Qalib Heydərov məsələni aydınlaşdırmaq üçün İslam Əliyevin arxasınca çıxıb. O, Qaravəlli kəndinin baş yolunda İslama çatıb və mübahisə edib. Bu zaman Qalib yerdən götürdüyü küt alətlə İslam Əliyevi vurub. İslam 30-40 dəqiqə sonra aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.

Qalib Heydərov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qalib Heydərov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunmasını xahiş edib.
Qalib Heydərovun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçən prosesdə Qalib Heydərov ittiham üzrə özünü qismən təqsirli bildiyini, heç kimi öldürmək fikrində olmadığını və öldürmədiyini deyib: “Mən İslama çatanda dedim, yeznə, nəyə görə Əfruzun əlini kəsdin ki? Bunu ona deyəndə aramızda 10 metrə yaxın məsafə var idi. O, mənim dediklərimə cavab olaraq üstümə yeridi. Həmin vaxt mənim evimdən çıxan qızım Sumaya qışqırdı ki, ata, onda bıçaq var. İslamın arxası Sumayaya tərəf idi. Buna görə də Sumaya bıçağı görmüşdü.

Sumaya belə deyəndə İslam bıçağı mənə nümayiş etdirdi, qızım da qorxusundan mənə tərəf gəldi. İslam məni tutmaq istəyəndə hətta qızım da yıxıldı. Mən bunu gördüm və qızıma “evə qaç” dedim. Çünki İslam qızı hədələdi. O, qızıma “sənin də başını kəsəcəm, qancıq” deyə qışqırdı. Qorxdum ki, uşağımı vuracaq. Ona görə də yerdən təsadüfən əlimə keçən ağac parçasını götürdüm və ona yaxınlaşaraq “uşağı niyə hədələyirsən, sözün var, mənə de” dedim.

Məni təhqir etdi və bıçaqla üstümə gəldi. Mən də əlimdə olan ağac parçası ilə təqribən 1 metr məsafədən onun əllərinə, ayaqlarına vurdum ki, əl çəksin. Qorxdum ki, bıçaqla məni vurar. Həmin vaxt qızım da orda idi. Onun qıza xəsarət yetirməsindən də qorxurdum. Orda bizi heç kim aralaşdırmırdı. Mənim İslamla dalaşmam zamanı onun əllərinə və ayaqlarına vurmağım təqribən 1 dəqiqə çəkdi. Hətta bıçaq da yerə düşdü. Lakin o, yenidən bıçağı götürdü və daha üstümə gəlmədi. Sərbəstcə piyada evinə tərəf getdi".
Zərərçəkmiş Talıb Əliyev isə apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Hakimlər sonda məhkəmənin qərarını açıqlayıblar. Qərara görə, Qalib Heydərovun apelyasiya şikayətini qismən təmin ediblər. Onun cəzası 9 ilə endirilib.


Müəllif: