Səbail rayon Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Əhməd Hüseynovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Əhməd Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsini, məhkəmə zalından həbs edilməsini təklif edib.
İttihama görə, bələdiyyə torpaqlarının bələdiyyənin qərarı ilə satılmalı olmasına baxmayaraq, Əhməd Hüseynov qanunun bu tələbini pozub. 2003-2009-cu illərdə Salyan şossesi 12 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3200 kvadrat metr torpaq sahəsini o, bələdiyyə üzvlərinin xəbəri olmadan satıb.
Həmin torpaq sahəsinin 1000 kvadrat metri 2003-cü ilin dekabrında Əhməd Hüseynovun sərəncamı ilə Allahyar Şahmarova, 600 kvadrat metri 2006-cı ilin dekabrında onun oğlu Şahmar Şahmarova, 400 kvadrat metri 2005-ci ilin dekabrında digər oğlu Ramil Şahmarova, 1200 kvadrat metri Lalə Əliyevaya satılıb.
Əhməd Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyib.
Cinayət işində Əhməd Hüseynovun ümumilikdə 1 milyon 824 min manat dəyərində 1.52 hektar torpaq sahələrini satmağa, həmin əmlaklarla bağlı müəyyən addımlar atmağa cəhd göstərdiyi də göstərilib.
Bunun da 1 milyon 248 min manatlıq hissəsi dövlət mülkiyyətində, 576 min manatlıq hissəsi isə Səbail bələdiyyəsinin balansında olan torpaqlar olub.
İstintaq orqanı tərəfindən Əhməd Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.178.4 (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 320.1 (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1 (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Səbail rayon Bələdiyyəsi zərərçəkmiş qismində tanınıb.