“Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfər - Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.
Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
Bu, "Tərtər işi" üzrə ən böyük cinayət işidir.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.
Qeyd edək ki, təqsirləndirilən şəxsləridən biri Fuad Ağayev general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi olub.
Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.