25 İyul 2023 17:11
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.

Digər üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.

Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər.

Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər