Masallı rayonunda 1986-cı il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vəfaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2 sentyabr 2021-ci ildə Masallı rayonunun kəndində baş verib.
Məmməd arvadı Vəfanın mobil telefonda Bakı şəhər sakini İslamla danışaraq ona xəyanət etməsini düşünüb. O, şillə, yumruq, təpik zərbələri və taxta parçası ilə arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqisirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci Vəfa ilə ailə həyatı qurub, 2013-cü il və 2016-cı il təvəllüdlü övladları dünyaya gəlib: “2018-ci ildə arvadımın mənə xəyanət etdiyini hiss elədim. Onun mobil telefonla tanımadığı oğlanla danışığını tutdum. Arvadımla bu barədə söhbətlər etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 2-də səhər saat 7 radələrində evdən çıxıb, fəhləlik etmək üçün muzdlu işə gedib: “Həmişə işdən evə axşam saatlarında qayıdırdım. Həmin gün işim tez yekunlaşıdığından saat 13 radələrində evə gəldim. Dəhlizə daxil olanda azyaşlı övladlarımın otaqda səslərini eşitdim. Yataq otağına keçmək istəyəndə Vəfa ilə üz-üzə gəldik.
Vəfa məni görən kimi əlində olan mobil telefonu gizlətməyə çalışdı, bu zaman telefonda olan “WhatsApp” proqramında tanımadığım oğlan şəkilini gördüm.
Telefonu əlindən almaq istədim, Vəfa mobil telefonu vermədi və mənə müqavimət göstərdi. Az müddət dartışdıqdan sonra telefonu əlindən aldım. Dərhal evin həyətinə düşdüm və telefona baxdıqda arvadımın mesaj yazdığı tanımadığım oğlanın şəkilini və nömrəsini gördüm. Telefonu həyətdə gizlətdim və evə daxil oldum.
Azyaşlı övladlarımın arvadımla mübahisəni görməmələri üçün onları həyətə çıxartdım. Uşaqlar həyətə çıxdıqdan sonra arvadım telefonunu geri qaytarmağımı istədi. Lakin telefonu qaytarmadım”.
Məmmədin ifadəsinə görə, bundan sonra mübahisə ediblər: “Vəfanın başqa oğlanla danışmasına bərk əsəbləşdim. Şillə, yumruqla onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başladım. Qısa müddət döydükdən sonra sakitləşdim. Lakin Vəfa yenidən mənimlə mübahisə etməyə başladı.
Vəfanı evin yataq otağında yerə yıxdm və bədəninin müxtəlif nahiyələrinə çillə, yumruq və sonda əsəbim sakitləşmədiyi üçün taxta parçası ilə bir neçə dəfə zərbələr vurdum. Sonra arvadımın əmisi Hətəmə zəng vuraraq məlumat verdim. Hətəm və qayınanam bizə gəldilər. Vəfanın vəziyyəti həmin vaxt normal idi. Mən evdən getdim. Saat 17 radələrində Hətəm mənə zəng etdi. O, Vəfanın vəziyyətinin pisləşdiyini və xəstəxanaya aparacaqlarını dedi. Bir müddət sonra polis əməkdaşları zəng vuraraq məni polis şöbəsinə çağıdılar”.
İş üzrə zərərçəkmiş Vəfanın hüquqi varisi qismində çıxış edən anası Səlimənin sözlərinə görə, qızı Vəfanın həyat yoldaşı Məmmədlə bir neçə dəfə ailədaxili münaqişələri olub, hər dəfəsində evin böyüyü kimi onlara bir-biriləri ilə mehriban olmağı bildirib:
“Sentyabrın 2-də saat 14 radələrində işlədiyim çörək bişirən sexdə olarkən qaynım Hətəm zəng etdi və kürəkənim Məmmədin təcili çağırdığını bildirdi. Dərhal işdən çıxaraq yaşadığım evə getdim. Evə çatdıqda Məmmədin evdə gördüm. Nəvələrim həyətdə oynayırdılar. Qızım isə yataq otağında halsız vəziyyətdə uzanmışdı. Məmməd qızımın işlətdiyi telefonu göstərdi və “bax, xəyanətin tutdum” dedi.
Qızımın döyüldüyünü bildim. Ondan səhhətinin necə olduğu və nə baş verdiyini soruşdim. Vəfa da sakitcə “yaxşıyam” cavabın verdi. Qızım Məmməd tərəfindən döyüldüyünü bildirdi. Məmməd qaynım Hətəmlə öz aralarında söhbət etdilər. Bir neçə dəqiqə sonra Məmməd və Hətəm oradan getdilər”.
Səlimə qeyd edib ki, bundan sonra Vəfa huşunu itirib: “Nə baş verdiyini anlamadım. Dərhal qızımı yataqdan yerə özüm düşürtdükdə bədənini açdım. Qızımın baş və bədəninin müxtəlif nahiyələrində xəsarətlər olduğunu gördüm. Dərhal Hətəmə zəng etdim, qızımın vəziyyətinin pis olduğunu dedim.
Çox keçmədi ki, Hətəm gəldi. Hətəm və qardaşım Vaqifin köməkliyi ilə huşsuz vəziyyətdə olan qızımı xəstəxanaya apardıq. Daha sonra Vəfanın vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyə xəstəxanasına götürdük. Qızımın ağır xəsarət alması məlum oldu”.
Səlimə deyib ki, Məmmədlə barışııblar, ondan hər hansı şikayəti yoxdur. O, təqsirləndirilən şəxslə barışmalarını, həmçinin Məmmədin iki azyaşlı uşaqları saxlayaraq baxması üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məmməd 4 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Hökmün icrası Masallı rayon icra və probasiya şöbəsinə həvalə olunub.
Məmmədin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.
O, saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunub.