Daxili İşlər Nazirliyi paytaxtda baş verən ağır qəzalarla bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisələrdən biri yanvarın 12-də, saat 13 radələrində Binəqədi şossesində qeydə alınıb.
Bakı şəhər sakinləri Azər Abdullazadənin idarə etdiyi “Mercedes” və Qasım Abdullayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. A.Abdullazadənin 6 sərnişini xəstəxanaya yerləşdirilib.
Həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində də ağır yol qəzası baş verib. Bakı şəhər sakinləri Faiq Kərimovun idarə etdiyi "Honda" və Kamran Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. F.Kərimov və 1 sərnişini, habelə K.Məmmədovun sərnişini xəstəxanaya yerləşdiriliblər.
Oxşar hadisə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Eldar Bayramov vurulub. Nəticədə o, xəstəxanaya yerləşdirilib.
Nərimanov rayonunun akademik Həsən Əliyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Abdulla Baxışov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Xətai rayonunun G.Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Murad Osmanov vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
Yanvarın 12-də saat 18 radələrində paytaxtın H.Əliyev prospektində Bakı şəhər sakini Anar Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Hacı Zeynalov