14 Yanvar 2015 13:27
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rüstəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi keçən il mayın 22-də Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında baş verib. Həmin mənzildə yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu - bacanağının qardaşı 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirməkdə şübhəli bilinir. Hadisə isə adi mübahisə üstündə baş verib.

Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gəlməyib. Buna iradını bildirən Rüstəmə isə Elşən musiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Qohumlar arasında mübahisə də bundan sonra baş verib.

Saxlanılan Rüstəm Həsənovu ifadəsində Elşənin həyətdən keçəndə pəncərəni bağlamasını kobudcasına deməsi səbəb olub. “Dedim adam kimi de, dedi ki, eşşək özünsən”.

Elşən Ələkbərovun onu kürəklə vurduğunu iddia edən Rüstəm Həsənov bundan sonra onu bıçaqladığını deyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 16-a təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər