Şəki Apelyasiya Məhkəməsində narkotik vasitələrin əkib-becərilməsində təqsirli bilinən Balakən rayon sakini, 1969-cu il təvəllüdlü Yaşar İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Yaşar İbrahimov 2014-cü ilin aprel ayında Balakən rayonunun Sarıbulaq kəndində yaşadığı evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qadağan olunmuş 10 ədəd, həmin sahəyə bitişik atasından miras qalmış evin həyətyanı torpaq sahəsində isə 23 ədəd çətənə bitkiləri əkməsi müəyyən edilib. O, həmin ilin iyul 29-da Balakən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həbs edilib.
Yaşar İbrahimov Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yaşar İbrahimov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Yaşar İbrahimovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirilib.
Hacı Zeynalov