Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş İbrahim Nurməmmədov ifadə verib.
Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, Meşəli hadisəsi zamanı ilk güllə onun atasına dəyib. Qeyd edib ki, qayınatası, qayınanası, baldızı, qaynı olmaqla 5 nəfər yaxını qətlə yetirilib. Hadisə zamanı ailəsindən 9 nəfər şəhid olub.
Zərərçəkmiş bildirib ki, istintaq təcridxanasında tanınma zamanı Vaqif Xaçaturyanı tanıyıb. Vaqif Xaçaturyan əvvəlcə onu tanımadığını desə də, sonradan tanıyıb. Zərərçəkmiş Vaqif Xaçaturyana ağır cəza verilməsini istəyib.
Zərərçəkmiş Vaqif Sadıqovun sözlərinə görə, məlum hadisə günü kənddə olmayıb, hadisə vaxtı anası, atası və qardaşı girov götürülüb.
Zərərçəkmiş Səfa Kazımov bildirib ki, Meşəli kənd orta məktəbində olub və 14 gün mühasirədə qalıb.
Daha sonra zərərçəkmişlər Nurəddin Salmanov və Hüseyn Hümbətov ifadə veriblər.
Zərərçəkmiş Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi, hüquq şöbəsinin müdiri Murad Hüseynov məhkəmədə çıxış edib. O bildirib ki, Meşəli kəndində 27 nəfər qətlə yetirilib, 20 nəfərdən artıq sakin yaralınıb. Dövlətə 130 min 800 manat ziyan dəyib.
Proses sabah saat 10.00-da davam edəcək.