Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrindəki qərardan kassasiya şikayəti üzrə iclas keçirilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər kassasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını tələb ediblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır.
Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarının da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın.
Ali Məhkəmədə keçirilən iclasda şikayət vermiş məhkumlardan yalnız Sahib Ələkbərov iştirak edib. Sədrlik edən hakim bildirib ki, hazırda həbsdə olan Mövlam Şıxəliyev məhkəməyə məktubla müraciət edib. Hakim məktubu elan edərkən bəlli olub ki, Mövlam Şıxəliyev iclasda iştirakının bir şərtlə təmin olunmasını istəyib. O, hazırda saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iştirak etməsini ifadə edib. Əks halda kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş edib.
Hakim bildirib ki, belə bir prosedur qayda müəyyən edilmədiyindən Mövlam Şıxəliyevin iştirakı olmadan iclasın keçirilməsinə tərəflərin münasibətini öyrənib. Dövlət ittihamçısı Nazim İmanov, Mövlam Şıxəliyevin vəkilləri Ceyhun Yusifovla Arzu Cavadov, zərərçəkənlər Mövlam Şıxəliyevin iştirakı olmadan iclasın keçirilməsinə etirazlarının olmadığını bildirdi.
Hakim Sahib Ələkbərovun vəkili Vüsal Orucovun məhkəməyə oktyabrın 17-də kassasiya şikayətinə əlavə təqdim etdiyini açıqladı. Həmin əlavənin tərəflərə çatıb-çatmamasını xəbər aldı.
Qulam Bağırov Sahib Ələkbərovun epizodu üzrə əsas zərərçəkmiş olduğunu və kassasiya şikayətinə əlavənin ona çatmadığını bildirdi.
Hakim yerindəcə müşavirə keçirib kassasiya şikayətinə əlavənin tərəflərə çatdırılması üçün iclasın qeyri-müəyyən vaxta qədər təxirə salınması ilə bağlı qərar verdi.
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəməni hüququndan sui-istifadədə ittiham edib. Bildirib ki, iş üzrə 36 zərərçəkən var və onların hər biri kassasiya şikayətinə əlavə təqdim etməklə hüquqlarından istifadə edə bilərlər və bu məhkəmənin uzanmasına səbəb olacaq. Məhkəmə bunun qarşısını almalıdır. Hakim isə bildirib ki, belə bir hal olarsa, qanun çərçivəsində tədbir görüləcək.
İclasdan sonra kassasiya şikayətinə əlavə ilə tanış olan zərərçəkən Qulam Bağırov deyib ki, məhkum Sahib Ələkbərov dövlət başçısının sərəncamının geri oxunmasını istəyir: “Sahib Ələkbərov şikayətinə əlavəsində yazır ki, Ali Baş Komandan, cənab Prezidentin sərəncamı ilə geri alınmış polkovnik rütbəsi, orden və medalları ona qaytarılmalıdır. Əlbəttə ki, absurd yanaşmadır. Sahib Ələkbərov mənə və digər Azərbaycan vətəndaşlarına qarşı cinayətlərini, deyəsən, unudub. Yadından çıxıbsa, yadına salıram. Məni, heç bir günahı olmayan Azərbaycan vətəndaşını saxta Bakı Hərbi Məhkəməsnin hökmü ilə də təsdiqlənmiş bir ittihamla həbsə aldılar. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında çox ağır şərtlərdə saxlamaqla ailəmdən şantajla külli miqdarda pul tələb etdilər. Mən faktiki olaraq girovluqda ola-ola ailəmin yaşadığı evi, maşınımı, yaxın qohumlarımın qızıl-zinət əşyalarını satdırmışdılar. Tələb etdikləri məbləğ düzəlmədiyindən, üstəlik ailəmə borc da aldırmışdılar ki, istədikləri məbləği ala bilsinlər. 33 gün qanunsuz olaraq girovluqda saxladıqdan sonra tələb etdikləri pulu Sahib Ələkbərov şəxsən qardaşımdan almışdı. Məni də digər zərərçəkmişlər kimi eyni məzmunlu, saxta xəstəlik tarixçəsi ilə girovluqdan azad etmişdilər. Sahib Ələkbərov belə bir cinayəti mütəşəkkil cinayətkar quldur dəstənin üzvü olmaqla törədib. İndi də Ali Məhkəməyə belə gülünc bir əlavə kassasiya şikayəti verib və rütbəsini, orden-medallarını geri tələb edir. Özü haqda fikir formalaşdırır ki, guya dövlətə xidmət edib. Unudub ki, onun üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstənin serial cinayətlərinə görə dövlət başçısı ümumiyyətlə cinayət yuvasına çevirilmiş MTN-i ləğv edib. Sahib Ələkbərovun məntiqi ilə MTN də bərpa olunmalıdır”.
Zərərçəkmiş Zaur Əliyev bildirdi ki, Sahib Ələkbərovun kassasiya şikayətinə əlavəsi məhkəməni süni şəkildə uzatmağa xidmət edir: “Sahib Ələkbərov aşağı məhkəmə instansiyalarında etiraf edib ki, üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstə pul alıbsa, o puldan ona heç nə çatmayıb. Pul alınıbsa, Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov səviyyəsində alınıb. Bu səbəbdən də dəfələrlə məhkəmədə deyib ki, özü həbsdədirsə, sağında Zakir Qaralov, solunda isə Rüstəm Usubov oturmalıdır. Dəfələrlə məhkəmədə vəsatət verərək Qaralovun, Usubovun məhkəmədə dindirilməsini istəyib. Sahib Ələkbərovun sözlərindən belə anlaşılır ki, üzvü olduğu dəstə bu gün onunla birgə məhkumluq həyatı yaşayanlardan ibarət deyil, daha genişdir. Adlarını çəkdiyi yüksək vəzifə daşıyıcıları da onun üzvü olduğu dəstəyə rəhbərlik ediblər. Sahib Ələkbərov təkbaşına vətəndaşları girov götürüb MTN-in istintaq təcridxanasında saxlaya, onların yaxınlarından 300-500 min manat, 1-2 milyon dollar tələb edib ala bilməzdi. O, bu səlahiyyətlərə sahib deyildi. Bu gün də düşünürlər ki, məhkəməni uzatmaqla nəyəsə nail olacaqlar. Məsələn, növbəti prosesdə Yasin Məmmədov və ya Vüsal Ələkbərov kassasiya şikayətlərinə əlavə təqdim edə bilərlər. Məhkəmənin süni şəkildə uzadılması Mövlam Şıxəliyevin planlarına uyğundur. Belə ki, ibtidai istintaq zamanı müsadirəyə götürülmüş, lakin Bakı Hərbi Məhkəməsində onun ailə üzvlərinin adına rəsmiləşdirilməsi səbəbi ilə müsadirədən çıxarılan, həbsdən azad edilən əmlaklarını xilas etməyə xidmət edir. Bu baxımdan məhkəmə hüquqdan sui-istifadə hallarının qarşısını almalıdır”.
Zərərçəkən Əfsəl Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev məhkəməyə bu şəkildə təzyiq edir: “Mövlam Şıxəliyev həbsdə də mütəşəkkil cinayətkar dəstəsinin üzvləri olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovu idarə edir. Bu adamlar onun dediyi ilə oturub-dururlar. Sahib Ələkbərovun vəkilinin kassasiya şikayətinə əlavəni məhkəmə iclasına 1 gün qalmış təqdim etməsini də təsadüfi hesab etmirəm. Sədrlik edən hakimdən, Ali Məhkəmə sədrindən xahiş edirəm ki, bunların oyununu pozsun, məhkəmənin süni şəkildə uzadılmasının qarşısı alınsın”.
Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.
“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyəti məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya məhkəməsinin qərarı ilə şikayətlər edlməyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.