Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç cinayət işi üzrə Firuzə Mehralayevanın sonradan Baş Prokurorluqda verdiyi ifadəsi də elan edilib.
Teleqraf.com xəbər verir ki, zərərçəkmiş ifadəsində Meşəli kəndinə hücum edən Badara kəndinin erməni əsilli sakinlərinin adlarını açıqlayıb. Bildirib ki, Xaçaturyan Vaqif də həmin hücum da iştirak edirdi.
Onun sözlərinə görə, hücum edənlər Armanis, Eres, Kolya idi: "Onlar Badara kəndində yaşayırdı. Hazırda sağ böyrəyim işləmir. Ermənilərin işgəncələrindən bu vəziyyətə düşmüşəm, hələ də həkim nəzarətindəyəm".
Daha sonra prokuror ifadələrlə bağlı Vaqif Xaçaturyana suallar verib. Xaçaturyan deyib ki, adı keçən şəxsləri tanımayıb, ona hadisədən sonra məlumat veriblər.
Daha sonra Elmira Mehraliyevanın ifadəsi elan edilib. O qeyd edib ki, onlar hadisə vaxtı Novruz kişinin evinə yığışıblar. Hadisə vaxtı xəsarət alıb və Ağdam rayonunda xəstəxanada müalicə alıb.
Zərərçəkmiş deyib ki, 1997-ci ildən əlil kimi təqaüd alır.
Növbəti proses noyabrın 1-də davam edəcək.
***
12:18
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç cinayət işi üzrə dindirilmıyən zərərçəkmişlərin bəzilərinin məhkəməyə gəlmədiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, prosesdə zərərçəkənlərdən Firuzə Mehraliyeva ilə bağlı məhkəməyə teleqram daxil olub.
Bildirilib ki, Firuzə Mehraliyeva 90 yaşı var, yataq xəstəsidir, bu səbəbdən məhkəməyə gələ bilmir.
Bundan başqa, himayəsində iki azyaşlı uşaq olan və Qəbələ şəhərində yaşayan Elnarə Babayeva da məhkəmə gələ bilmir.
Prokuror üzürlü səbəbdən məhkəməyə gələ bilməyən Elnarə Babayeva və Firuzə Babayevanın istintaqa verdiyi ifadələrinin elan edilməsini istəyib.
Elnarə Babayevanın istintaqa ifadəsi elan olunub. O, istintaqa bildirib ki, 1991-ci ildə 10 yaşı olub. Meşəli hadisəsindən əvvəl də kəndə silahlı hücumlar olub, bu səbəbdən sakinlər kəndin müdafiəsinə qalxıblar.
Zərərçəkmiş deyib ki, hadisə günü nənəsigildə imiş. Ermənilər hər tərəfdən hücum etdiyi üçün evdən çıxa bilməyiblər: "Ev yandırılanda ordan çıxmaq istəyirdik. Amma atəş açıldığı üçün qaça bilmirdik. Çölə çıxanda mən və bibim yaralandı. Çöldə şiddətli döyüşlər getdiyindən geri qayıtdıq. Üstümüzə yorğan-döşək örtdük ki, güllə bizə dəyməsin. Birtəhər evdən çıxdıq və qaçmağa başaldıq. Yolda bir silahlı şəxs qabağımıza çıxdı. Mən qabaqda qaçırdım. Yanımızda olan Mətləb dayını həmin şəxs çağırdı. Mətləb dayı onun yanına getmədiyi üçün Mətləbi güllələdi.
Sonra Novruz və onun uşaqları güllələndi. Mən qabaqda qaçırdım. Kənd sakini İsmayılı da başından güllə ilə vurdular. Onun üstü qan içində idi. Biz bir qədər qaçdıqdan sonra həyət kimi yerdə gizləndik. Bir qədər sonra oradan çıxdıq və çayı keçdik. Mənim ayağım suya düşdü. Bizimlə olan əsgər ayağımda olan yaranı sarıdı. Sonra Qarağat kəndinə getdik. Oradan bizi vertolyotla Ağdam rayonunuəda xəstəxanaya apardılar. Atam Çərkəz geri qayıdaraq bibimi axtardı. Bibim yaralı vəziyyətdə tapıldı.
Biz Ağdam rayonunda qaldıq. Sonra Laçının kəndində gəldik. Orada yaşadıq. Hazırda ailə qurduğum Vüqarla Qəbələ rayonunda yaşayıram".
Hakim deyib ki, bu ifadə 19 noyabr 2007-ci ildə alınıb.
Firuzə Mehralayevanın 2005-ci iləd Ağsu rayon Prokurorluğunun müstəntiqi tərəfindən alınan ifadəsi də elan olunub. Qeyd edib ki, uşaq olanda valideynləri ilə birlikdə Meşəli kəndinə köçüb və sonradan həmin kənddə ailə qurub. Onun sözlərinə görə, 1991-ci ilin dekabrında ailəsi ilə birlikdə evdə olan zaman erməni quldurlarının hücumuna məruz qalıblar:
"Biz döşəmənin altında gizlənmişdik. Ərim Mürsəl yaralanmışdı, evə girən erməni məni təpiklə vurdu. Bizim evimizdə olan iki polis də yaralandı. Onlardan birinin adı Elçin, digərinin isə adı yadımda qalmayıb.
Tofiq Hüseynovun dəstəsi gələrək bizi xilas etdi. Həmin vaxt dayım oğlu Allahverdi Novruzov və onun ailəsini güllələdilər, oğlunu isə girov götürdülər. Bizim evimizə basqın edənlərin üzündə maska var idi. Dayımın evinə isə Armayıs, Ernis və digər şəxslər hücum edib, onları biz əvvəldən tanıyırdıq".