Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu barədə yerli məhkəmə tərəfindən qərara edilib.
Qərara görə, onun qalan həbs müddəti şərti cəza ilə əvəzlənib. O, cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Gültəkin Muradova Kürdəxanı qəsəbəsindəki evlərin birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb.
O, övlad sahibi olmadığına görə başqasının uşağını götürərək saxlamaq qərarına gəlib. Ətrafda olan yaşayış massivlərini gəzib, özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
Sonda 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.
2021-ci ilin dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. O, uşağı oğurlayaraq aparıb. 10 günə yaxın uşağı saxlayıb. Polis tərəfindən uşaq tapılıb və anasına təhvil verilib.
Gültəkin Muradovaya Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı Apellyasiya və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.