Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan iclasda şahid qismində Ceyhun Vəliyev ifadə verib. O bildirib ki, Məlikməmməd Qurbanovu tanıyıb.
Şahidin sözlərinə görə, xidmət etdiyi hərbi hissədə Satınalmalar və Təchizat İdarəsinə təhkim edilmiş sürücü olub, idarənin zabitlərin göstərişlərini icra edib.
Prokuror Ziya Mansurovun suallarını cavablandıran şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, Hərbi kənd təsərrüfatı birliyinin rəhbəri Z.T.-i tanımayıb.
Daha sonra suallara cavab verən şahid deyib ki, ona tapşırılan yerlərdən və şəxslərdən bağlama, hədiyyələri götürərək idarəyə gətirib: "Həmin bağlamalar arasında "Gəncə səbəti" də olub. Bağlamalarda nə olduğunu bilməmişəm. Z.T.-dən bağlama götürüb və həmin bağlamanı Məlikməmməd Qurbanova çatdırmışam. Z. T.-dən pul gətirməmişəm. Mən Məlikməmməd Qurbanovun yanında olmamışam, şəxsən onun tapşırıqlarını icra etməmişəm. İdarədə 15 zabit olub. Mənə verilən ümumi tapşırıqları yerinə yetirmişəm".
Daha sonra şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsini elan edilib.
Həmin ifadədən məlum olur ki, Satınalmalar və Təchizat İdarəsində əvvəl Məlikməmməd Qurbanov, daha sonra Mahir Şirvanov rəhbərlik edib, hazırda isə idarənin rəisi Elnur Kazımovdur. Onun ifadəsinə görə, idarə rəisinin tapşırıqlarını icra edib.
Müstəntiq istintaq zamanı şahidə sual verib ki, hərbi təsərrüfat birliyi ilə satınalmalar və təchizat idarəsi arasında 16 milyon 35 min 790 manatlıq müqavilə bağlanıb, 400 min manat "otkat" olaraq geri qaytarılıb. Müstəntiq şahidin bundan xəbərinin olub-olmadığını soruşub.
Şahid həmin zaman bu faktı təsdiqləyib. Deyib ki, kağız bağlamanı içində pul idarəyə gətirib, amma pulun məbləğindən xəbəri olmayıb. Şahid əlavə edib ki, 2018-2019-cu illərdə ad günləri, bayramlarda Məlikməmməd Qurbanova bağlamalar gətirib və həmin bağlamaların pul olduğunu başa düşüb. Deyib ki, Z.T.-lə neçə dəfə görüşdüyünü xatırlamır.
Şahid Ceyhun Vəliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra idarənin digər sürücüsü Zaman Əsədov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi vəzifəsini yerinə yetirən şəxslərin sürücüsü işləyib. Onun sözlərinə görə, əvvəllər Məlikməmməd Qurbanovun da sürücüsü olub, hazırda da idarə rəisinin sürücüsüdür.
Zaman Əsədov deyib ki, Məlikməmməd Qurbanovun göstərişlərini icra edib. Müdafiə Nazirliyinin qarşısında bəzi şəxslərlə görüşüb, onlardan aldığı bağlamaları idarəyə gətirib, bağlamalarda nə olduğunu bilməyib.
Zaman Əsədov qeyd edib ki, bir dəfə Z.T.-in "Gənclik" tərəfdəki ofisində olub: "Onun verdiyi bağlamanı Məlikməmməd Qurbanova gətirmişəm. Bağlamada balıq və mer-meyvə olub".
Məlikməmməd Qurbanov isə sürücülərə heç bir göstriş vermədiyini deyib: "Bura sürücülər ifadə verməyə gələndə mən təəccübləndim. Çünki mən o vəziyyətə düşməmişəm ki, sürücüyə hansısa göstərişi verim, o da icra etsin. Nə işim olurdusa, onu özüm görmüşəm. Sürücülərə heç bir göstəriş verməmişəm".
Daha sonra şahid qismində informasiya texnologiyaları ilə məşğul olan şirkət əməkdaşı Ü. A. ifadə verib. Onun ifadəsindən məlum olub ki, Ü. A. təmsil etdiyi şirkət 8 ilə yaxındır Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik üçün informasiya texnologiyalarının avadanlıqlarının alınmasıda Ü. A. tərəf kimi iştirak edib.
Şahid deyib ki, bütün işlər Məlikməmməd Qurbanovun müavini Elnur Kazımovla danışıq əsasında görülüb: "Elnur Kazımovla görüşürdük. Malların alınması ilə bağlı sorğu verirdi. Vəsait isə şirkətimizin bank hesabına köçürülürdü”.
Prokuror Ziya Mansurov şahiddən köçürülən pulların müəyyən hissəsinin geri qaytarılması barədə soruşub: "Təklif etdilər ki, alınan malların dəyərindən artıq pul köçürək, həmin pulu nağd şəkildə geri ödəyək. Biz də razılaşdıq, qiymətləri 4 faiz şişirtdik. Sonradan həmin pul “otkat” formasında geri qaytarıldı”.
Məlikməmməd Qurbanov deyib ki, şahidi 1 dəfə görüb, heç vaxt alqı-satqı işi ilə bağlı danışığı olmayıb: "Onu baş qərargah rəisinin (Nəcməddin Sadıkovu nəzərdə tutur) göstərişi ilə qəbul etmişdim. Kiber-hücumla bağlı məsələ idi. Ondan sonra ünsiyyətim olmayıb”.
Növbəti proses noyabrın 20-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.