Bakının Nəsimi rayonu ərazisində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhd etməkdə, silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə Şahmar İsmayılov ifadə verib.
O, heç kimi öldürmək istəmədiyini deyib. Şahmar İsmayılovun sözlərinə görə, zərərçəkmiş Nicat Əkbərovun adını eşidibmiş: "Öldürmək istəsəydim, şans vardı. Məni də tanımırlar. Üzümə baxanda ona atəş açdım. Qohumum Elnur Qasımovun ölümündə Nicat Əkbərovun əli var. Onu qorxutmaq istədim ki, qohumlarımdan, yaxınlarımdan əl çəksin. Qohumum Elnur Qasımovu Nicat Əkbərov özü öldürməyib. Onun yerini bildirib, bu işdə iştirakı olub. İstəyirdim ki, yaxınlarımdan əl çəksin".
Təqsirləndirilən şəxs deyib ki, hadisədən əvvəl Naxçıvanda olub və Bakıya gələndə Vüqar Quliyev onun qarşılayıb: "Oteldə özümə yer tutdum, orada qaldım. Fransada türmədə olan Emin Qasımovla danışdım. Bilirəm ki, orada türmədə cəza çəkir. Mənə zəng vurdu. Ona dedim ki, mənə maşın lazımdır, tək hərəkət etmək istədim. Ramal adlı şəxsin nömrəsini mənə atdı. Onunla danışdım. Ona dedim ki, atam xəstədir. Şəklini də atdım ki, yıxılıb. Gecə Vüqarı götürdüm və Novxanıya getdim. Maşını Ramaldan götürdüm və otelə qayıtdım. Vüqar da mənimlə qaldı".
Təqsirləndirilən şəxs bildirib ki, otelə yaxın idman zalı tapıb və orada idman etməyə başlayıb.
Təqsirləndirilən şəxs əlavə edib ki, hadisə martın 10-da baş verib: "Hadisə yerinə Vüqarla gəlmişəm. Onun hadisədən xəbəri yox idi. Ona demişdim ki, pul almağa gəlmişəm. Silahdan atəş açana qədər Vüqarın heç nədən xəbəri olmayıb. Vüqarı özümdən kənarlaşdırmaq istədim. Nicat çıxanda atəş açdım. O da hadisə yerindən qaçdı. Silah avtomobildə qaldı".
Şahmar İsmayılovun sözlərinə görə, hadisədən sonra bilet alıb Türkiyəyə getmək istəyiblər. Amma hava limanında həbs edilib.
Suallara cavab verən təqsirləndirilən şəxs deyib ki, Nicat Əkbərovla şəxsi tanışlığı olmayıb və onu ancaq sosial şəbəkələrdən tanıyıb.
Digər təqsirləndirilən Vüqar Quliyev deyib ki, Şahmar İsmayılovla dost olublar. Digər təqsirləndirilən Ramal Məmmədov və zərərçəkmiş Nicat Əkbərovu tanımayıb. Şahmar İsmayılov Bakıya gələndə qarşılayıb: "Ondan Bakıya gəlməsinin səbəbini soruşdum. Dedi ki, obyekt götürəcək, işləyəcək. Mən onu maşınımda gəzdirmişəm. Sonradan Novxanıda maşın götürmək istədiyini dedi. Mən də razılaşdım. Birlikdə Novxanıya getdik, oradan maşın götürdük.
Hadisə günü Şahmar dedi ki, pul almağa gedəcəm. Xahiş etdi ki, birlikdə gedək. Dedi cinayət törədən deyilsən ki, gəl birlikdə gedək. Atəş açanda hadisədən xəbər tutdum".
Təqsirləndirilən Ramal Məmmədov bildirib ki, təqsirləndirilən Şahmar İsmayılov və Vüqar Quliyevi tanımayıb, Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun dostu olub: "Mən silahı Şahmar İsmayılova verməmişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmirəm".
Zərərçəkmiş Fəqan Rəhimli bildirib ki, ali hərbi məktəbin 5-ci kursunda təhsil alıb. Hadisə yerində olarkən ayağından və bel nahiyələrindən güllə yarası alan zərərçəkmiş bildirib ki, səhhətində ciddi problemlər yaranıb: "Vurulmalı olan şəxs mən tərəfdə idi. Ona görə də güllə mənə dəydi. Mən güllənin atılmasını görməmişəm. Çünki arxadan atəş açılıb. Şikayətçiyəm".
Şahmar İsmayılov zərərçəkmiş Fəqan Rəhimlidən baş verən hadisəyə görə üzr istədiyini deyib.
Zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə baş verən yerdə olub: "Mən orada təsadüfən olmuşam. Atəş açıldı, elə bildim, fişəng atırlar. Ayağımdan xəsarət alanda bildim ki, atəş açıblar. Xəstəxanada müalicə aldım".
Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 10 min manat mülki iddia qaldırdığını deyib. Bildirib ki, hadisə zamanı xəsarət alıb, xəstəxanada müalicə olunub: "Müalicə zamanı xərcim çıxıb. Səhhətimlə bağlı bir neçə ay işləyə bilməmişəm. Həmçinin avtomobilimə ziyan dəyib. Buna görə də bu məbləğdə ziyanın ödənilməsini istəyirəm".
Zərərçəkmiş, kriminal ailəmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərov bildirib ki, təqsirləndirilən şəxsləri tanımayıb. Onun sözlərinə görə, hadisə günü idman zalından çıxıb: "Hadisəni xatırlamıram. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm. Mənə atəş açan şəxsi görmüşəm. Orada tək idi".
Zərərçəkmiş bildirib ki, Emin Qasımov və onun qardaşı Elnuru 29 ilə yaxındır tanıyır: "Son üç ildə münasibətlərimiz olmayıb. Onlarla əlaqəmiz yoxdur".
Şahid Seymur Həsənov bildirib ki, Nicat Əkbərovu tanıyıb, onunla uşaqlıq dostu olublar.
"Bravo"da xidmət rəisi işlədiyini deyən şahid bildirib ki, atəş səsini eşidib: "Bir neçə atəş səsi gəldi. Atəş açan şəxsi görmədim".
Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Şahid ifadəsində göstərib ki, Nicat Əkbərov kriminal aləmdə tanımış şəxs olub, "Brilyant Nicat" kimi tanınıb. Qeyd edib ki, Emin Qasımov da kriminal aləmin nümayəndələrindən olub.
O, ifadəsində deyib ki, Emin Qasımovun qardaşı Elnur İstanbulda öldürülüb, Emin də qardaşının ölümündə Nicat Əkbərovu günahkar bilib.
Onun sözlərinə görə, Nicatın Elnurun qətlindən xəbəri olmayıb: "Elnurun qətlindən Nicatın xəbəri olmayıb. Eminin Nicatla arası yox idi. Onların arasında ziddiyyətlər var idi".
Növbəti proses dekabrın 6-da davam edəcək.
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.