30 Oktyabr 2023 18:31
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elnur Məhərrəmov ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, MMC-nin direktoru olub.

Şahidin sözlərinə görə, rəhbərlik etdiyi MMC qazanxanaların təmiri işləri ilə bağlı xidmət göstərib. Şahid qeyd edib ki, 2018-2021-ci illərdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə qazanxanaların təmiri və bərpası işlərinin görülməsi üçün müqavilə bağlayıblar. Elnur Məmmədov deyib ki, müqavilə əsasında köçürülən pulun 18 faizi "otkat" şəklində geri qaytarılması barədə razılığa gəliblər.

Prokurorun suallarını cavablandıran şahid deyib ki, hazırda rəhbərlik etdiyi MMC-dən əvvəl başqa bir MMC-də mühasib işləyib: "Mən mühasib işlədiyim MMC-nin rəhbəri Əlövsət Orucov olub. Həmin MMC-də işlədiyim dövrdə özümə şirkət təsis etdim".

Elnur Məmmədov deyib ki, qazanxanaların təmiri və bərpası üçün Mənzil İstismar İdarəsi ilə müqavilə bağlanan zaman Rəhim müəllim ondan ödənilən vəsaitdən "otkat" qaytarılmasını deyib: "Bizim işimizi də Əlövsət müəllim görüb. O mənə deyib ki, belə bir iş var. Mən də demişəm ki, problemli iş deyilsə, görə bilərəm. Mənim özümün nazirliklə birbaşa əlaqəm olmayıb. Müqavilə əsasında iş görmüşük, bunun üçün də ödəniş olub. Biz də həmin ödəniş əsasında işçilərin əməkhaqını ödəmişik. Geri qaytarılması nəzərdə tutulan pulu isə Əlövsət müəllimə vermişəm. O da pulu şöbəyə çatdırıb. Pulun kimə çatacağını bilməmişəm. Əlövsət müəllim deyib ki, pul şöbəyə çatacaq. Hamı Rəhim müəllimin şöbəsi deyirdi. Bir dəfə də söhbətimiz olub ki, pul Fikrət Mirzəyevə çatacaq".

Elnur Məmmədov bildirib ki, 2016-2019-cu illərdə müqavilə əsasında ödənilən pulun 236 min manatı "otkat" şəklində geri qaytarılıb.

Şahid ifadəsində "otkat" qaydasında pulların geri qaytarılmasının qanunsuz olduğunu bildiyini deyib: "Buna görə də bu gün bunun bədəlini ödəyirəm.

Elnur Məmmədovun istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu müəyyən olunub. Onun elan olunan istintaq ifadəsindən məlum olur ki, əldə olunan razılaşmaya əsasən müqavilə əsasında köçürülən pulların 18 faizi Fikrət Mirzəyevə çatıb.

Digər şahid Məzahir Abdullayev deyib ki, təqsirləndirilən Fikrət Mirzəyevi tanıyır. Onun sözlərinə görə, rəhbəri olduğu şirkətin Müdafiə Nazirliyi ilə təmir işlərini aparılması ilə bağlı müqaviləsi olub. Şahid deyib ki, Fikrət Mirzəyevlə görüşüb, aralarında olan razılaşmaya əsasən ödənilən vəsaitin 18 faizini geri qaytarıb.

Şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub.

Şahid istintaqa verdiyi ifadəsində isə Rəhim Laçınovla görüşdüyünü, ödənilən pulun 18 faizini geri qaytarılması barədə razılaşıblar. Qeyd edib ki, ümumilikdə 2 milyon 637 min manatın 402 min manatını nağdlaşdırma yolu ilə Rəhim Laçınova geri qaytarıb.

Suallara cavab verən şahid ibtidai istintaq zamanı da verdiyi ifadəsini təsdiqləyib.

Təqsirləndirilən Fikrət Mirzəyev isə deyib ki, şahid yalan danışır, Məzahir Abdullayev onun xidməti otağında olmayıb.

Növbəti proses noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər