Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Natiq Əliyevin sədirliyi ilə keçən proses 20-dəqiqə çəkib.
Prosesdə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi iştirak edib. Nümayəndə vəsatət verərək bildirib ki, həbs qoyulan Çinarlı qəsəbə MMC-ə məxsus "Şəmkir Səbət" bazarı ilə bağlı 282 min manat və Şəmkir Abad MMC ilə bağlı 105 min manat ödəniş olunduğundan həmin obyektlərin üzərindən həbs qərarı götürülsün. Həmçinin istintaqın müəyyən hissəsi yenilənsin.
Hakim istintaqın yenilənməsi ilə bağlı vəsatəti təmin edib. Adıçəkilən ticarət obyektlərinin üzərindən həbs götürülməsi qərarı isə növbəti məhkəmə proseslərində müzakirə olunacaq.
Növbəti məhkəmə prosesi dekabrın 5-nə təyin olunub.