“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov ifadə verib.
O ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır: "Əvəz Zeynallı məni tanımaya-tanımaya mənə ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan, nə zavodan söhbət gedir? Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.
Rasim Məmmədovun sözlərinə görə, Loğman Zülfüqarlını üç dəfə görüb: "Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Təndiq başqadı, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.
Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib. Bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb.
Daha sonra Rasim Məmmədovla Əvəz Zeynallı arasında mübahisə yaranıb, Əvəz Zeynallı şahidə tərbiyəsiz, şərəfsiz deyib. Bu ifadədən sonra şahidlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Hakim əsəbləşərək Əvəz Zeynallını zaldan çıxarıb. Bununla da zalda əyləşən şahidlər etiraz olaraq zalı tərk edib.
Məhkəmə prosesi naməlum vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.