Göygöl rayonunda 1975-ci il təvəllüdlü Adil ailə münaqişəsi zəminində həyat yoldaşı Əsmərə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun kəndlərindən birində baş verib.
Adil həmin kənddə yerləşən evin həyətində olan yardımçı tikilinin içərisində arvadı Əsmərin saxladıqları iribuynuzlu heyvanlara yem verməməsi səbəbindən mübahisə edib.
Adil ağac parçası ilə Əsmərin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əsmər ilə 2006-cı ildə rəsmi nigah müqaviləsi əsasında evlənib, onların iki övladı var: “Hadisə günü, saat təxminən 19 radələrində evə gəldim. Evə gəldikdən sonra arvadım Əsmərin həyətlərində olan heyvanları saxladığım yardımçı tikilinin qarşısında anası ilə telefonda danışdığını gördüm. Əsmərin saxladıqları iribuynuzlu heyvanlara yem vermədiyini gördüm. Ondan bunun səbəbini soruşdum. Bu zaman Əsmər heyvanların tələf olmayacağını bildirdi, sonra yem verəcəyini dedi.
Əsmərin bu sözünə əsəbləşdim. Qolundan sıxaraq yardımçı tikilinin içərisinə saldım. Orada olan ağacı götürərək Əsmərin başından, sol ayağından, sağ ayağından, belindən vurdum. Əsmər evə tərəf getdi. Məın isə heyvanlara yem verdim, evə gedərək yatdım”.
Bu cinayət işinə Göygöl rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuluyyətindən azad edilib.