14 Noyabr 2023 14:23
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xərai rayonunda anasını qətlə yetirməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ziya Mansurovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib.

Görüntüdə Ziya Mansurov bildirib ki, o anasının qətlini əvvəlcədən planlaşdırıb: "Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt məni şişləyir, təpik zərbələri vururdu. Buna görə də onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürərək onun yataq otağına keçdim. Üstü yarıya qədər örtülü, üzü aşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələdi, bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqıraraq qonaq otağına qovdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qapını bağlayıb və yenidən həmin otağa qayıdıb:

“Yenidən zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən vurdum. Bu vaxt anam qaçıb ayaqyoluna girdi, qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. O, halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində qaldı. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb”.

Ziya Mansurov bildirib ki, daha sonra bacılarını çağırıb və anasını öldürdüyünü onlara deyib: “Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər".

Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib.

Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər.

Prokuror qeyd edib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var.

Zərərçəkmiş şəxsin vəkili hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib: “Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu iş ağırlaşdırıcı məqamlar var ki, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur".

Müşavirədən sonra vəsatət təmin olunub. İş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib.

Növbəti məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

İttihama görə, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib.

Ziya Mansurovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ziya Mansurov cinayəti törədən zaman məktəbli olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər