Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan, "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, Mahir Qonşuyev dövlət hesabına təyin olunan vəkildən imtina edib. O, vəkil Rakif Mustafyev ilə müqavilə bağlayıb. Meyxanaçı Rakif Mustafyevin onun hüquqlarını müdafiə etməsini istəyib.
Məhkəmə baxışı noyabrın 28-ə təyin olunub.
Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.