19 Yanvar 2015 12:45
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən ağır yol qəzaları ilə bağlı məlumat açıqlayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 18-də, saat 01 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Kamran Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi İlham Piriyevi vurduqdan sonra idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb. İ.Piriyev, K.Qasımov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Həmin gün Sumqayıt şəhəri 18-ci mikrorayonda da ağır yol qəzası baş verib. Siyəzən rayon sakini Rəşad Əliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən şəhər sakini Rauf Hacıyevi vurub. R.Hacıyev xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir yol qəzası Yevlax rayonunun Hürüuşağı kəndində baş verib. Aran qəsəbə sakini Firuz Cəfərovun idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini Allahverdi Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşduqdan sonra “VAZ-2107” markalı avtomobildə yanğın baş verib. A.Həsənov və sərnişinləri - atası Qədim, anası Nahibə xəstəxanaya yerləşdirilib, Nahibə orada ölüb.

Quba rayonunun İdrisqışlaq kəndində İsnov kənd sakini Muradəli Rəhmanovun idarə etdiyi “VAZ-2107” və Abşeron rayon sakini Nizami Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. M.Rəhmanov xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Xızı rayonunun Yeni Yaşma qəsəbəsində Bakı şəhər sakini Rauf Əliyevin idarə etdiyi “Chevrolet” və Yevlax rayon sakini Qabil Cahangirovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. R.Əliyev və sərnişini Ülviyyə İsgəndərova xəstəxanaya yerləşdirilib, Ü.İsgəndərova orada ölüb.

Ucar rayonunun Müsüslü kəndində Gəraybəyli kənd sakini Mikayıl Rəhimov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Rəhman Mustafayevi vurub və piyada hadisə yerində ölüb.
Gəncə şəhərində şəhər sakini Abbas Kərimovun idarə etdiyi “VAZ-2121” və Şəmkir rayon sakini İslam Şabanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Hər iki sürücü və A.Kərimovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Daha bir yol qəzası Göygöl rayonunun Hacıməlik kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gəncə şəhər sakini Şubay Verdiyev vurulb və piyada hadisə yerində ölüb.

Yevlax rayonunun Xaldan kəndində Mingəçevir şəhər sakini Ziyəddin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş Z.Abbasov orada ölüb.

Hacı Zeynalov


Müəllif: