Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Əlövsət Orucov ifadə verib. Onun sözlərinə görə, MMC-nin direktoru olub, rəhbərlik etdiyi qurum tikinti və əsaslı təmir işləri ilə məşğul olub.
Əlövdət Orucov deyib ki, tikinti işləri həyata keçirən iki şirkəti olub. Şahidin sözlərinə görə nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlayıb: "Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin “otkat” şəklində geri qaytarılması olmuşam. Mən Fikrət Mirzəyevlə danışıq aparmamışam. Bütün danışıqlar əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınovla olub. Müqavilənin şərtinə uyğun olaraq köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı”.
Daha sonra prokuror deyib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə, ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən prokuror şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunması barədə vəsatət verib.
Vəsatət təmin edilib , onun istintaq zamanı verdiyi ifadəsini elan olunub. Əlövsət Orucov istintaq dövründə geniş ifadə verib. O, deyib ki, 2014-2019-cu illərdə Müdafiə Nazirliyi ilə müavilələr imzalayıb. 2014-cü ildə Əsaslı tikinti şöbəsinin rəisi Əlizadə Babayev olub.
Müqaviləyə əsasən şahidin şirkətlərinə 1 milyon 384 min manat köçürülüb. Həmin vəsaətin isə 117 min manatı “otkat”kimi nazirliyə qaytarılıb.
2016-cı ildən isə Fikrət Mirzəyev Mənzil İstismar idarəsinin rəisi təyin edilib. Onun dövründə isə şahidin şirkətləri ilə 7 milyon 41 min manatlıq müqavillər imzalanıb. Həmin pulun isə 1 milyon 72 min manatı Müdafiə nazirliyinə qaytarılıb”.
Növbəti proses dekabrın 4-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.