“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı iştirak etmədən davam etdirilib.
Qeyd edək ki, Əvəz Zeynallı məhkəmə zalından çıxarılması, prosesin onun iştirakı olmadan keçirilməsinə qərar verilib. Bu səbəbdən bu gün də məhkəmə iclası onun iştirakı olmadan başlayıb. Təqsirləndirilən şəxslərdən yalnız Elnur Şükürov məhkəmədə iştirak edib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov bildirib ki, Əvəz Zeynallı dəfələrlə proses iştirakçılarının, o cümlədən hakimlərin, prokurorun ünvanına xoşagəlməz ifadələr işlədib. Ona dəfələrlə xəbərdarlıq olunsa da, əhəmiyyət verməyib. Bu səbəbdən onunla bağlı belə qərar verilib.
Vəkil Fəxrəddin Mehdiyev vəsatət qaldırıb ki, yenidən Əvəz Zeynallının məhkəmə prosesində iştirakı təmin olunsun. Çünki onun iştirakı olmadan şahidlərin dindirilməsi mümkün deyil.
Digər təqsirləndirilən Elnur Şükürov da Əvəz Zeynallının məhkəmədə iştirakına imkan verilməsini istəyib.
Prokuror deyib ki, Əvəz Zeynallının məhkəmə zalına gətiriləndən sonra yeni eyni şəkildə davranmayacağına əminlik yoxdur.
Hakimlər kollegiyası bu məsələni müzakirə edib və Əvəz Zeynallının məhkəmə iclaslarında iştirakına icazə verilməsi haqda qərar qəbul edib.
Daha sonra "Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun yoldaşı Mehriban Məmmədovanın xalası oğlu Sadıq Həsənli şahid qismində dindirilib. Şahid qeyd edib ki, “Əvəz Zeynallı “Xural” kanalında Rasim Məmmədov haqqında danışıb: "Deyirdi ki, Rasim Məmmədov monopoliya yaradır, quldurluq edir. Bu cür materialların dayandırılması üçün xalam qızı ona pul vermək qərarına gəldi. Bu təklif vəkildən gəlmişdi. O da razılaşdı. Həmin axşam xalam qızı 20 min manat vəkilə göndərdi ki, Əvəz Zeynallıya çatdırsın. Pul veriləndən bir müddət sonra da Əvəz Zeynallı yenə danışdı. Bunu vəkilə dedik".
Sadıq Həsənlinin sözlərinə görə, sonradan Elçin Sadıqov gətirib pulu qaytarıb.
Daha sonra məhkəməyə çağırılan, amma gəlməyən şahidlərin ifadələrinin elan olunması məsələsi müzakirəyə çıxarılıb.
Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqov və Mehriban Məmmədovanın məhkəmədə dindirilməsində israr ediblər. Onlar bildirib ki, hər iki şahid mütləq gəlib ifadə verməli, sualları cavablandırmalıdır.
Hakim deyib ki, Mehriban Məmmədovanın ölkədə olmadığı, onun yeni il ərəfəsində ölkəyə qayıdacağı barədə məhkəməyə məlumat verilib.
Hakim Mehriban Məmmədovanın istintaqdakı ifadəsini elan etmək istəsə də, Əvəz Zeynallı və vəkilləri razılaşmayıb.
Elçin Sadıqova gəlincə, o, oktyabrın 25-də məhkəməyə ərizə göndərib. Orada göstərib ki, eyni məsələ ilə əlaqədar o, hələ də təqsirləndirilən şəxsdir. Belə olan halda, bu iş üzrə şahid qismində dindirilə bilməz.
O vurğulayıb ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır: “Mənim təqsirləndirilən şəxs statusum dəyişməyib. Təqsirləndirilən şəxs olduğuma görə şahid qismində dindirilə bilmərəm”.
Elçin Sadıqov əlavə edib ki, istintaq zamanı verdiyi ifadələri təsdiqləyir və onların nəzərə alınmasını istəyir. O həmçinin özünü təqsirli bilmədiyini də vurğulayıb.
Vəkil Rəşad Əliyev də, Əvəz Zeynallı da bildirib ki, onlar Elçin Sadıqovun təqsirləndirilən şəxs olduğuna görə şahid kimi dindirilməsinin yolverilməz olması fikriylə razılaşırlar. Onun istintaqdakı ifadəsinin də Əvəz Zeynallıya qarşı sübutlar siyahısından çıxarılmasını istəyirlər.
Əgər məhkəmə sübutlar siyahısından çıxarmaq istəmirsə, o zaman özü gəlib ifadə versin.
Vəkil Rəşad Əliyev qeyd edib: “Elçin Sadıqov eyni cinayət işi üzrə həm təqsirləndirilən şəxsdir, həm də şahid kimi dindirilir. Şahid yalan ifadə verə bilməz, çünki and içir. Amma təqsirləndirilən şəxsin belə bir öhdəliyi yoxdur. Hüquqi nihilizm yaranır bu işdə”.
Əvəz Zeynallı da əlavə edib ki, Elçin Sadıqovun ifadəsi sübutlar siyahısından çıxarılmasa, onun məhkəmədə dindirilməsində israrlıdır: “Əgər ifadəsini sübutlar siyahısından çıxarırsınızsa, gəlməsin, bizə lazım deyil”.
Hakimlər bu məsələni müzakirə edərək, Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarıb.
Növbəti prosesi dekabrın 8-də davam edəcək.
Qeyd edək ki, Vəkillər kollegiyasının üzvü Elçin Sadıqov istintaqa ifadəsində pulu Mehriban Məmmədovadan alıb, Əvəz Zeynallıya çatdırdığını deyib. Əvəz Zeynallı isə vəkilin yalan danışdığını deyir.
Elçin Sadıqov 2022-ci ilin sentyabrında Əvəz Zeynallı ilə birlikdə həbs olunsa da, bir həftə sonra ev dustaqlığına buraxılıb. “Xural TV” rəhbəri haqqında cinayət işi məhkəməyə göndəriləndə Elçin Sadıqovun haqqındakı cinayət işi ayrılıb.
İstintaqın gedişində Əvəz Zeynallıya Rasim Məmmədovun ailəsindən rüşvət almaqdan əlavə də ittihamlar verilib.
İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.