Bakıda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Pərviz Babayevə məxsus “BMW” markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb. Onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilib.
Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin İsvecrəyə və BƏƏ-nə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov