Həbsdə olan ictimai fəal Bəxtiyar Havıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İclasında vəkillər istintaq təcridxanasında Bəxtiyar Hacıyevlə görüş, cinayət işinin materiallarında texniki problemlər, ictimai fəalın telefonunun geolokasiya məlumatlarıyla tanış olmaq kimi məsələlərlə bağlı vəsatətlər qaldırıblar.
Hakim bildirib ki, vəkillərin müvəkkili ilə görüşməsi məsələsini heç müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Çünki bu, onların hüququdur
Cinayət işinin materiallarının – cildlərin birinin texniki problemlə əlaqədar oxunmaması və geolokasiya məlumatlarıyla tanışlıq məsələsi də həll olunacaq.
Bəxtiyar Hacıyev bildirib ki, verilən ittihamların mahiyyəti ona aydın deyil.
Hakimin suallarını cavablandırarkən onu da bildirib ki, hüquq və vəzifələri barədə məhkəmə bildirişini, haqqındakı ittiham aktını bir gün əvvəl – dekabrın 28-də alıb.
Hakim deyib ki, belə olan halda bu iş davam etdirilə bilməz. Çünki qanuna görə, məhkəmə bildirişi, ittiham aktı ən azı bir həftə əvvəl şəxsə çatdırılmalıdır, ondan sonra o, məhkəmə qarşısına çıxarılmalıdır.
Bəxtiyar Hacıyev, vəkilləri Cavad Cavadov, Aqil Layıc və Elçin Sadıqov prosesin davam etdirilməsini istəsələr də, prokuror buna etiraz edib. Hakim bildirib ki, qanunun bu tələbinə əməl olunması üçün prosesi yanvarın 7-nə qədər təxirə salır.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevi. işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.
Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.