Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.
İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.
2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.