“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda Nadir Əliyev və Alik Həsənovun istintaqa verdiyi ifadələri elan edilib.
Qeyd edək ki, ötən prosesdə Nadir Əliyev sərbəst ifadə vermiş, sualları cavablandırmışdı.
Sonuncu iclasda isə Nadir Əliyevin ilkin verdiyi ifadələr səsləndirilib.
O, baş verənlərdə heç bir rolunun olmadığınu və əvvəlki ifadələrini doğru vermədiyini bildirib, bütün məsuliyyəti Alik Həsənovun üzərinə atıb.
Alik Həsənov isə əksinə, ifadəsində Nadir Əliyevin işdə əsas fiqurant olduğunu deyib. Üstəlik, baş verənlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını da hallandırıb. O, Nadir Əliyevə istinad edərək deputatın bu işdə əsas rolunun olduğunu bildirib.
Nadir Əliyev də ibtidai istintaqa ifadəsində Alik Həsənovla oxşar mövqedən çıxış edib. Lakin məhkəmədə bunun əksini söyləyib.
Məhkəmə Nadir Əliyevin istintaqa verdiyi ifadələri səsləndirib. Nadir Əliyev ilkin istintaqda bütün əməliyyatlarda deputat Səttar Möhbaliyevin razılığı olduğunu göstərib. Verilən pulları rəhbərliyə çatdırdığını göstərib. “Əgər pul ona çatmasaydı, sədr müqaviləni imzalamayacaq və müqavilə qüvvəyə minməyəcəkdi" deyərək əsaslandırıb.
Lakin məhkəmədə o, istintaqa verdiyi ifadələrdən imtina edib. Vəkillərinin, əsas da zərərçəkmişlərdən birinin vəkili Aslan İsmayılovun təzyiqi ilə belə ifadə verdiyini deyib.
Nadir Əliyev bu proseslər zamanı 3 dəfə vəkillərini dəyişib. Prokurorun “əgər onlar sizə belə ifadə verməyiniz üçün təzyiq ediblərsə, bəs o biri epizodlarla bağlı verdiyiniz ifadələrdə niyə o təzyiq görünmür?” sualına Nadir Əliyev aydın cavab tapa bilməyib.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.