“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittihamı elan edib.
İttihama görə, Nicat Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub.
Məlum olub ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib.
Bu səbəbdən Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Prosesdə sədrlik edən hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
İttihama münasibət bildirən Nicat Şakirli özünü təqsirli bilib, hadisədə özünü günahkar sayıb: “2015-ci ildə travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanov rayonunda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.
Nicat Şakirli hadisə günü içkili olmadığını deyib. O, sərbəst ifadəsində həmin günü tam xatırlamadığını söyləsə də, yadında qalan budur ki, hadisədən bir gün əvvəl içki qəbul edib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb.
Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.