Təqsirləndirilən: "Dedim, o qadının mənə çox yaxşılıqları dəyib"
Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Siyəzən rayon sakini Rövşən Həmidov və Neftçala rayon sakini Elmar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Rövşən Həmidov tanışı Elmar Əsgərovla oğurluq məqsədilə cinayət əlaqəsinə girib. Onlar Rövşənin idarə etdiyi "VAZ-21063" markalı avtomobillə 11 may 2013-cü il tarixdə, gecə saat 03.00 radələrində Arzu Kərimovanın yaşadığı Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 13 saylı evə gəliblər. Mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri giriblər, evdən 2 min manat dəyərində qızıl oğurlayıblar.
Rövşən Həmidov və Elmar Əsgərov Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü (oğurluq) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Əsgərov 9 il, Rövşən Həmidov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rövşən Həmidov cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Elmar Əsgərov apelyasiya şikayəti verməyib. Həmçinin prokurorluğun təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı protesti olmayıb.
Rövşən Həmidovun şikayəti araşdırılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçən prosesdə Rövşən Həmidov bildirib ki, onun "VAZ-21063" markalı avtomobili olub və həmin avtomobillə Bakı şəhərinə sərnişin daşımaqla məşğul olub: "Elmar Əsgərovla 2013-cü ilin aprel ayının əvvəllərində Bakı Metropoliteninin "Koroğlu" stansiyası yaxınlığında rastlaşdım. Həmin vaxt sərnişin gözləyərkən Elmar Əsgərov sərnişin kimi avtomobilimə əyləşdi və məndən onu Sabunçu dəmir yolu stansiyasına aparmağı xahiş etdi. Bundan sonra aramızda münasibət yarandı, mobil telefonla zəngləşib görüşməyə başladıq".
Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 9-da anası Böyükxanım zəng vuraraq onun Siyəzənin Orta Həmyə kəndinə gəlməsini istəyib: "Həmin vaxt Elmar zəng edərək Xırdalan şəhərində avtomobil olduğunu, onu almaq istədiyini və baxmaq üçün birgə getməyimizi xahiş etdi. Mən də razılaşdım, Elmarla görüşüb Xırdalana getdik. Elmar Xırdalana çatanda avtomobil satanla telefonda danışdı, həmin şəxs işdə olduğunu, onunla səhəri gün görüşə biləcəyini bildirdi.
Avtomobilimdə nasazlıq olduğu üçün "Avtovaz" adlanan yerdə təmir etdirdim. Sonra Elmara anamgilə getməyi təklif etdim. O da razılaşdı və biz birlikdə Orta Həmyə kəndinə yola düşdük. Anamgildə olanda əmim oğlu Azad zəng vurdu, pivə içməyə dəvət etdi. Biz Azadı götürmək üçün onlara yollandıq, birgə pivə içməyə getdik".
Rövşən Həmidovun sözlərinə görə, Bakı şəhərinə qayıdanda Elmar Əsgərov ondan Azadla görüşdükləri yerdə olan evin sahibini soruşub. O da cavabında əvvəllər həmin binanın 2-ci mərtəbəsində yaşadıqlarını, birinci mərtəbədəki mənzili olan Arzu Kərimovanın ona çox yaxşılıq etdiyini, narkotik alverinə görə tutulduğunu bildirib: "Elmar Əsgərovla aramızda başqa söhbət olmadı. Bakıya çatandan sonra Sabunçu dəmir yolu stansiyasının yaxınlığında Elmar Əsgərovu avtomobildən düşürdüm".
Rövşən Həmidov bildirib ki, mayın 12-də Elmar Əsgərovla zəngləşiblər və metronun "Neftçilər" stansiyasına aparmağı ondan xahiş edib: "Mən də Elmarı "Neftçilər" stansiyasının yaxınlığına gətirdim. Təxminən bir saat Elmarı orada gözlədim. Geri qayıdanda əlində sırğa, nazik boyunbağı, mirvari boyunbağı, köhnə qadın sırğası, həmçinin çoxlu pul vardı. Pulu görəndə Elmardan 300 manat borc istədim. O da verdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Elmar Əsgərovun Siyəzən şəhərində oğurluq etməsindən xəbəri və məlumatı olmayıb: "Elmarın mənə verdiyi pulu avtomobilimin kreditinə ödədim, qədimi sırğanı və mirvarini dostum Zahid Səfərovun uşağına hədiyyə kimi bağışladım, nazik boyunbağını isə kimə verdiyimi xatırlaya bilmirəm. Elmar Əsgərov mənə başqa heç bir əşya verməyib".
Elmar Əsgərov bildirib ki, Rövşən Həmidov 2013-cü il may ayının əvvəllərində onunla görüşərkən Siyəzən şəhərində bir nəfər "narkobaron"un həbsxanada cəza çəkdiyini, mənzilində yaxşı pul və qızıl olduğunu deyib: "Rövşən həmin mənzildən pulları və qızıl-zinət əşyalarını oğurlamağı təklif etdi. Əvvəlcə təklifı qulaqardına vurdum. O, təklifini bir daha təkrarladı. Mən də razılaşdım".
Elmar Əsgərov daha sonra ifadəsində Siyəzənə getmələrindən, həmin evdəki oğurluqdan danışıb.
Bütün ifadələr dinləndikdən sonra hakimlər qərarı açıqlayıblar. Rövşən Həmidovun apelyasiya şikayəti qismən təmin olunub və onun cəzası 6 il 6 aya endirilib.
Həmçinin zərərçəkmiş Arzu Kərimovanın mülki iddiası təmin edilib və təqsirləndirilən şəxslərdən 2269 manat tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov