Böyük Britaniya vətəndaşı Greer Christopheridindən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elnarə 11 il, Yasəmən isə 2 il müddətinə azadlıqdan mərhum edilib.
Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yasəmən məhkəmə zalından həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greeri rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.
Elnarə 2022-ci ilin martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb. İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.
Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar.
İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.