Masallı rayonunda baş verən qətl olayının təfərrüatı məlum olub. Masallı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Seybətin kəndində qeydə alınıb.
20 yaşlı Mircamal Həmidov ailə münaqişəsi zəminində atası, 51 yaşlı Kamal Həmidovu bıçaqlayıb. Kamal Həmidovun xəsarəti ağır olduğundan o, hadisə yerində dünyasını dəyişib.
İstintaq araşdırması zamanı mərhum Kamal Həmidovun qətlə yetirilməsinin bəzi səbəbləri məlum olub. Kamal Həmidovun ailəsindən kənar da bir qadınla münasibəti olub. Bu səbəbdən Həmidovlar ailəsində tez-tez münaqişələr olub. Elə sonuncu mübahisə də bu səbəbdən baş verib. Mircamal atasının başqa qadınla münasibət saxlamasına etiraz edib. Ailədə yaranan münaqişə daha da böyüyüb. Sonda qanlı olay baş verib.
Hadisə barədə polisə və təcili yardım xidmətinə qonşular məlumat veriblər. Hüquq-mühafizə və prokurorluq orqanı əməkdaşları tərəfindən cinayət baş verən ünvana baxış keçirilib. İstintaq üçün vacib olan maddi sübutlar götürülüb. Cinayətdə təqsirli bilinən Mircamal Həmidov könüllü şəkildə polisə təslim olub.
Istintaqa ifadə verən Mircamal Həmidov törətdiyi əməli etiraf edib. Atasını öldürməsindən peşman olduğunu söyləyən Mircamal hadisənin bir anda baş verdiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov