28 Yanvar 2015 16:49
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Dünya Cəfərovanın cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə Dünya Cəfərovanın apelyasiya şikayətinin dəlilləri müzakirə edilib. Müzakirələr zamanı şikayətin apelyasiya instansiyasında baxılmasına mane olan halların olmaması müəyyən edilib.

Məhkəmə baxışı fevralın 10-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünya Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Dünya Cəfərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və Sergey Biserovla birlikdə cinayət əməli törədiblər.

Zərərçəkmiş şəxsin şikayətindən sonra Vüsal Müslümov və Sergey Biserov həbs olunsalar da, Dünya Cəfərovanın barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə prosesi keçirilən zamanı Dünya Cəfərova iclaslara gəlməyib. Bunun üçün də onun barəsində məhkəmə tərəfindən həbs qərarı verilib. Bundan sonra qadın həbs edilib və barəsində olan cinayət işi digərlərinin cinayət işindən ayrılaraq yenidən icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2014-cü il tarixli hökmü ilə Vüsal Müslümov 12 il, Sergey Biserov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Vüsal Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər