Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva özünü təqsirli bilməyib. O bildirib ki, işi saxtalaşdırılıb.
Sünbülə Əliyevanın sözlərinə görə, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov və intizam komissiyasının üzvləri büroya gəliblər, Sərdar Qasımovun büroya müdir təyin edilməsini təklif ediblər: "Mən etiraz etdim və dedim ki, qanunvericiliyə uyğun olaraq müdir büro üzvlərindən seçilə bilər. Amma Sərdar Qasımov müdir təyin olundu.
Sonradan Anar Bağırov soruşdu ki, sənədləri Sərdar müəllimə verməyibsən? Cavabında dedim ki, təhvil-təslim etmək lazımdır. Mənə bildirdilər ki, təhvil-təslimə ehtiyac yoxdur. Mən də özümə yeni ofis tapdım ki, fərdi qaydada vəkil kimi fəaliyyət göstərim. Sonradan sənədləri Sərdar müəllimə təhvil verdim".
Sümbülə Əliyeva deyib ki, istər istintaq, istərsə də məhkəmə dövründə özünü təqsirli bilməyib. O, özündən sonra 1 saylı Hüquq məsləhətxanasına müdir təyin olunmuş Sərdar Qasımovun ölüm səbəbini izah edərkən qeyd edib ki, Sərdar müəllim Korrupsiya qarşı mübarizə idarəsinin qəbul şöbəsində vəfat edib.
Sümbülə Əliyeva deyib ki, Nadir İbişovun özünün heç bir müqaviləsi olmayıb, bütün işlərə təyinatla çıxıb: "Təyinatla da çıxışın saatı 6 manatdır. Guya ona 15 min 468 manat yazılıb və bu mənim tərəfimdən mənimsəmə kimi qeyd edilib".
Vəkilin sözlərinə görə, maliyyə sənədlərdə onun imzası olmayıb. Əməkhaqlarının yazılması ilə onun heç bir əlaqəsi yoxdur, bu işlərlə mühasibatlıq məşğul olub.
Növbəti proses iyunun 13-də davam edəcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.
Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.