Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Vahid Novruzlu ifadə verib.
Hakim bildirib ki, cinayət işi məhkəməyə daxil olan zaman Vahid Novruzlu şahid qismində tanınıb: “Amma hazırkı mərhələdə Vahid Novruzlunun statusu dəyişib, onun özü də təqsirləndirilən şəxs qismində işə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə ayrıca cinayət işi açılıb”.
Hakim Vahid Novruzluya hüquq və vəzifələrini izah edib, bildirib ki, hazırda vəkilinin iştirakı ilə şahid qismində dindirilir.
Vahid Novruzlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, maliyyə xidmətinin rəisi olduğu hərbi hissə 2020-ci ilin dekabrın 31-ə kimi korpusa tabe olub: “2021-ci ildən hərbi hissə Müdafiə Nazirliyinə tabe edildi. 2020-ci ilin dekabrına kimi korpusa tabe olduğumuz dövrdə rəisim nə tapşırıbsa, onu da icra etmişəm”.
Vahid Novruzlunun sözlərinə görə, Maliyyə Nazirliyinin müfəttişlərinin hərbi hissədə apardıqları yoxlama ilə razıdır: “Həmin yoxlamada mənim özüm də iştirak etmişəm. Heç bir narazılığım yoxdur. Yoxlamanın nəticəsi olaraq 848 min manat ziyan müəyyən edildi. 848 min manatın şişirdilmiş rəqəm olması ilə bağlı bəzi sənədlərimiz vardı. Verdiyim nağd ödənişlər nəzərə alınmamışdı. Bunlar ezamiyyət və səhra pulları idi. Nağd ödənişlər barədə Maliyyə Nazirliyinin nümayəndələrinə sənədlər təqdim etdim. Amma həmin məbləğləri ümumi məbləğdən silmədilər. Bu məbləğ təxminən 40-50 min manat arasıdır”.
Vahid Novruzlu deyib ki, hərbi hospitalın maliyyə xidmətinin rəisi olduğu üçün onun hesabında büdcədənkənar vəsaitlər də olub: “Həmin pulları göstərilən istiqamət üzrə xərcləməmişəm. Amma yeyinti də etməmişəm”.
O qeyd edib ki, 2020-ci il ərzində ona çatan vəsait 30 faiz olub. Ümumilikdə həmin məbləğ 610 min 538 manat olub, ondan da 104 min 300 manat ödəniş edib. O, qalan məbləğidə ödəməyə hazır olduğunu deyib: “Amma pul mənim yastığımın altında deyildi ki, götürüb ödəyim. Mən vaxt istədim ki, ödəniş edim. Amma həbs olundum. Həbsimin əsas səbəbi ölkəni icazəsiz tərk etməyim oldu".
Şahid daha sonra qeyd edib ki, onun ancaq korpusun maliyyə rəisi Süleyman Abbasovla əlaqəsi olub: “Mənim bütün görüşlərim Süleyman Abbasovla olub. Göstərişləri də ondan almışam. Adıma yazılan məbləğin 230 min manatını Süleyman Abbasova vermişəm”.
Daha sonra Ramin Qaraxanov və Şirin Şükürov təkrar ifadə vermək üçün məhkəməyə dəvət olunublar.
Ramin Qaraxanov bildirib ki, hazırda təqaüddədir, 1 milyon 452 min manat mənimsəməyə yol verib. Bu vəsaitdən 51 manat ödəniş edib. O, yenə də ödəniş etməyə söz verib.
Digər şahid Şirin Şükürov bildirib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyir. Onun tərəfindən mənimsənilən məbləğ 742 min manatdır. O, cəmi 33 min manat ödəniş edib:
“Dövlətə vurduğum ziyanı ödəmək üçün əmlaklarımı satışa qoymuşam. Satılan kimi ödəyəcəm”.
Daha sonra hakim Fikrət Əliyev təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi iki vəsatəti elan edib.
Vəkilin vəsatətlərdindən biri yoxlama aparan Maliyyə Nazirliyinin nümayəndələrinin məhkəmədə dindirilməsi ilə bağlı olub. Vəkil yoxlama aparan maliyyə işçilərinin məhkəmədə ziyanın müəyyən edilməsi ilə bağlı hissədə dindirilməsini istəyib.
Vəkil vəsatətdə göstərib ki, hərbi hissələrdə bütün çıxarışların çıxarılmasına aylarla vaxt lazım olub, amma yoxlama 15 günə aparılıb.
Vəkilin digər vəsatəti isə bəzi şahidlərin təkrar dindirilməsi, onlara çarpaz sualların verilməsi ilə bağlı olub. Əli Adıgözəlov vəsatətdə qeyd edib ki, şahidlərdən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rəfael Xələfov, təftişçilər - Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin ifadələri arasında ziddiyətlər var.
Vəkilin bildirdiyinə görə, həmin şahidlərin Cəlal Kazımovla çarpaz dindiriləməsinə zərurət yaranıb. Cəlal Kazımov vəkilinin verdiyi vəsatətləri müdafiə edib.
Daha sonra vəkil Rəşad Mirmehdizadə həmkarının vəsatətdə göstərdiyi çarpaz dindirmə məsələsinə toxunub: “Rafael Xələfov növbəti proseslərdə iştirak etsə, daha yaxşı olar. Kimin haqlı, kimin haqsız olması ortaya çıxar. Qaldı 2-ci vəsatətə, yoxlayıcıların dindirilməsi məsələsi vacibdir".
Dövlət ittihamçısının vəsatətə münasibəti belə olub: “Mən belə hesab edirəm ki, maliyyə yoxlaması aparan şəxslərin dindirilməsinin hələlik təxirə salınması vacibdir. Cinayət işinin materialları tədqiq edilsin, sonra zərurət yaranarsa, o zaman çağırılaraq dindirilə bilərlər. Şahidlərin dindirilməsinə gəlincə, effektivlik və prosessual qənaətlilik baxımından şahidlərin dindirilməsinə zərurət görmürəm. Şahidlərin ifadələrinə qiymət vermək məhkəmənin səlahiyyətinə aiddir. Bu səbəbdən bu məsələni məhkəmənin mülahizəsinə verirəm”.
Müşavirə keçirən hakimlər heyəti sonda qərarı elan edib. Maliyyə yoxlayıcılarının hazırki mərhələdə dindirilməsi təmin edilməyib.
Hakimlər belə nəticəyə gəliblər ki, cinayət işində olan sənədlərin tədqiqindən sonra bu məsələ təkrar müzakirə oluna bilər.
Hakimlər şahidlərin çarpaz dindirilməsi ilə bağlı vəsatət də təmin etməyiblər. Qeyd ediblər ki, yekun məhkəmə aktından qabaq tərəflər vəsatət versələr, araşdırılacaq.
Daha sonra Rəşad Mirmehdizadə Akif Umudovla Allahverdi Rzayevin 10 aydan artıqdır məhkəməyə gətirilməməsi məsələsini qaldırıb. Qeyd edib ki, Allahverdi Rzayev paralel olan başqa məhkəmə proseslərinə ifadə verib, amma Nizami Məmmədovun işi üzrə məhkəməyə gəlmir.
Prosesə sədrlik edən hakim deyib ki, Allahverdi Rzayevlə bağlı Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi ilə danışılıb, onun barədə polis nəzarəti altında məcburi gətirmə qərarı çıxarılıb. Hakim bildirib ki, Akif Umudovun isə xidməti zərurətlə əlaqədar iştirak edə bilməyib, amma onun da növbəti prosesdə iştirakı təmin edəcək.
Daha sonra Rəşad Mirmehdizadə əlavə şahid qismində Nizami Məmmədovdan əvvəl Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, hazırda təqaüddə olan Namiq Poladovun dindirilməsi ilə bağlı vəsatət verib.
Vəkil vəsatətini belə əsaslandırıb ki, 4 milyon 600 min manatla bağlı hissədə Namiq Poladovun dindirilməsi vacibdir. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Nizami Məmmədov ilkin istintaqda məbləğlərlə bağlı necə ifadə veribsə, hamısı dəqiqdir: “Özünü təqsirli bildiyi hissə ilə bağlı 12 milyon 200 min manat vəsaiti dövlət büdcəsinə ödəniş edib. Onu da qeyd edim ki, Nizami Məmmədov nazirliyin Maliyyə və Büdcə İdarəsinə rəis gələndə Namiq Poladov digər vəzifəyə keçirilib. Namiq Poladov Nizami Məmmədovun yeyinti faktlarından məlumatlı olmasını inkar edib.
Namiq Poladov Maliyyə və Büdcə İdarəsindən çıxarıldıqdan sonra Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəis müavini vəzifəsinə təyin olunub. Onun inspektoru olub. Həmin inspektor da daim təftişçilərdən kurasiya pulu yığıb. Hörmətli sədr, vəsatətdə Namiq Poladovun anket məlumatlarını qeyd etmədim, çünki cinayət işinin içində bu məlumatlar öz əksini tapıb”.
Növbəti prosesdə Rəşad Mirmehdizadənin Namiq Poladovla bağlı vəsatət müzakirə ediləcək.
Növbəti proses iyun 14-də keçiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.