21 İyun 11:44
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə psixiatrik ekspertizası üzrə Ekspert komissiyasının rəyinin nəticəsini açıqlayıb.

Ekspertiza rəydə göstərilib ki, Yoxlanılan şəxs Qalabəyli Əfsanə Xəlil qızında hal-hazırda "Orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə" formasında psixi patologiya müəyyən edilir.
"Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranmuş ve hal-hazırda da davam edir. Əfsanə Qalabəylinin hazırda əziyyət çəkdiyi psixi patologiya onu öz hərəkətlərini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum edir. Onun depressiv pozuntu uzun müddət ərzində özünü göstərən və gedişində psixotik xarakterli simptomlar da müşahidə oluna bilen ciddi psixi patologiyadır. Bu psixi patologiya şəxsin özünə qarşı təhlükə kəsb etdiyi üçün stasionar şəraitdə davamlı müşahidə və müalicə apanlmasını tələb edir. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Ə.Qalabeyli hal-hazırda öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil".
Daha sonra çıxış edən prokuror Cövdət Mehrəliyev ekspertiza rəyinə əsasən təqsirləndirilən şəxsin ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi təklif edib.

Daha sonra Əfsanə Qalabəyli barəsində qərar elan edilib.

Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilib.

İttihama görə, 2022-ci il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.
İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu söyləyib.

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.
Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub.

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər