Tovuz rayonunda 1967-ci il təvəllüdlü Salman qısqanclıq zəminində həyat yoldaşı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Salman ailə üzvləri ilə birlikdə yaşadığı arvadı Aytənin Tovuz şəhər sakini Osmanla yaxın münasibətlərinin olmasından şübhələnib. 2023-cü il iyun ayının əvvəli müvəqqəti getdiyi Bakı şəhərindən arvadına zəng edib, telefon danışığı zamanı arvadının ona xəyanət etməsini özündə qətiləşdirib.
Salman qonaq getdiyi Sumqayıt şəhərində xalasıgildə evin mətbəxindən bıçaq götürərək cibində gizlədib. Gecə evdən çıxıb, taksi ilə səhər saat 8 radələrində yaşadığı Tovuz rayonundakı evinə qayıdıb.
Yataq otağında yuxudan oyanan arvadı Aytənlə mübahisə edib, cəzalandırmaq üçün bıçaqla onun sağ bud və qarın nahiyəsinə iki ardıcıl zərbə vurub.
İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aytən arvadıdır, üç övladları var: “Qızımı köçürmüşəm, oğlum isə ailə həyatı quraraq yanımda yaşayır. Aytənlə aramızda normal münasibət olub. Təxminən iki ilə yaxındır onun onkoloji xəstəliyi ilə bağlı aramızda problemlər var.
Hadisədən əvvəlki iki ayda arvadım Aytənin Tovuz rayon sakini olan tanışım Osmanla münasibətindən şühələndim. Osman dizayn işi gördüyü üçün evimizə mütəmadi gəlib gedirdi. Osman bizə gələndə arvadımın onunla səmimi rəftarı şübhələrimi artırdı. Sonuncu dəfə Osman gələrkən arvadımın onu qapıda qarşıladığını, ona qaş-göz hərəkətləri etdiyini gördüm. Aytənə heç bir söz demədim və mübahisə etmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 15 gün əvvəl müalicə məqsədilə Bakı şəhərinə gedib:
“Respublika xəstəxanasında, onkoloji dispanserdə, həmçinin psixi dispanserdə müayinədə olmuşam, mənə müxtəlif psixi sakitləşdirici dərmanlar yazılmış, ev şəraitində müalicə almışam.
Bakı şəhərinə getdikdən 12 gün sonra ev nömrəmizə zəng etsəm də, açan olmadığından gəlinim Səmanın mobil nömrəsinə zəng vurdum. Səmaya Aytənlə danışmaq istədiyimi dedim. Aytənlə bir qədər danışdım. Danışıq zamanı hirsləndim, arvadımın ünvanına söyüşlər söydüm. O mənə cavab qaytaranda telefonu söndürdüm. Sonra zəng etsəm də, arvadım telefonu açmadı”.
Salmanın sözlərinə görə, Tovuza qayıdarkən cəzalandırmaq üçün Aytənin cinsi orqanına bıçaqla vuracağı qərarına gəlib: “Amma onu öldürmək fikrim olmayıb. Səhhətimdəki narahatlıqla bağlı bir həftə sistem-iynə vurdurdum. Bakı şəhərində bacımın evindən Sumqayıt şəhərində yaşayan xalasmın evinə gəldim. Gecə arvadımın mənə cavab qaytarması və sonradan zəngimə cavab vermədiyi yadıma düşdü. Bıçaqla onun cinsiyyət orqanına vuraraq cəzalandırmaqdan ötrü Tovuz şəhərinə, evimə getməyi qərara aldım.
Heç kimi oyatmadan mətbəxdən bıçağı götürdüm, mənzildən çıxdım. 18-ci mikrorayonda asfalt yolun kənarına gəldim. Bir nəfər tanımadığım, adını sonradan bildiyim Valid adlı taksi sürücüsü mənim hara gedəcəyimlə maraqlandı. Ondan Tovuz şəhərinə gedə bilib-bilməcəyini soruşdum. O, yolpulu olaraq məndən 130 manat pul istədi. Biz razılaşıb yola düşdük, səhər saat 8 radələrində Tovuz şəhərinə, yaşadığım evin qarşısına çatdıq. Taksi sürücüsünə evin yaxınlığında gözləməyi, evə dəyərək çıxacağımı bildirdim”.
Salman qeyd edib ki, taksidən düşüb, həyət qapısına yaxınlaşıb: “Qapı bağlı olduğu üçün arxa tərəfdən hasarı aşaraq həyətə daxil oldum. Evə yaxınlaşanda qapının açıq olduğunu görüb evə girdim. Evdə hamı yatmışdı. Yataq otağında Aytənin sağ yanı üstə yatdığını gördüm. Onun üzərindəki ədyalı çəkmək istəyəndə yuxudan oyandı. Bıçaq sağ əlimdə idi.
Aytən qışqıranda əlimlə ağzını tutdum. Hər iki ayağını yuxarı qaldıraraq bıçağı əvvəl cinsi nahiyəsinə, ikinci zərbəni isə qarın boşluğuna vurdum. Bu zaman oğlum və gəlinim otağa girdilər. Oğlum üzərimə gəldi, nə iş gördüyümü soruşdu. Ona qarşımdan çəkilməyini, evdən gedəcəyimi bildirdim. Sonra çölə çıxdım. Bıçağı həyətinin giriş qapısının yanına atdım. Küçə ilə bir qədər getdikdən sonra əynimdə olan ağ rəngli köynəyi çıxardım və küçəyə tulladım. Sonra polis əməkdaşları məni saxlayıb, polis şöbəsinə gətirdilər”.
İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, təqsirləndirilən Salman əridir, onlar 35 ildir evlidirlər: “Münasibətimiz həmişə yaxşı olub. Bir-birimizlə mehriban davranmışıq. Salman qaynaqçı usta işləyib. Son iki ildə əsəblərində problem yaranıb. Məni öz tanışı, əvvəllər tanımadığım Tovuz şəhər sakini Osman adlı şəxsə qısqanıb. Osman 2023-cü il yaz aylarında bir neçə dəfə bizə gəlib, ərimə müəyyən qaynaq işləri sifariş verib”.
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin iyul ayının əvvəlində Salman onda yaranmış psixi, qan təzyiqi və mədəsində olan problemlə əlaqədar Bakı şəhərinə müalicəyə gedib: “Müalicə alan dövrdə, bir dəfə 2023-cü ilin iyul ayının 11 və 12-də gəlinimə zəng edib, onun telefonu ilə danışmışıq. Danışıq zamanı ərim mənə yaraşmayan və nalayiq sözlər deyib. Mən də ərimə “ayıb deyilmi, bu sözü arvadın haqqında deyirsən?!” söyldim. Sonra telefonu gəlinə qaytardım. Ərim bir neçə dəfə mənimlə danışmaq istəsə də, mın danışmadım”.
Aytən deyib ki, hadisə günü hava isti olduğu üçün evin giriş qapısını bağlamayıb, öz otağında yatıb: “Səhər yuxulu olarkən otaqda kiminsə olduğunu hiss etdim. Gözümü açanda ərim Salmanın başımın üstündə dayandığını gördüm. Yataqda ola-ola qorxudan qışqırdım. Ayağa qalxmaq istədikdə Salman imkan vermədi. Sol əli ilə ağzımı tutdu, sağ əlindəki bıçaqla qarın nahiyəmdən və sağ ayağımın bud hissəsindən zərbələr vuraraq xəsarət yetirdi.
Səsə oğlumla gəlinim gəldi. Onlar gələndən sonra Salman məni vurmağa cəhd etmədi və otağı tərk edərək getdi. Hadisədən sonra oğlum qonşumuz Musagilin evinə gedərək onun maşını ilə məni Tovuz rayon Mərkəzi Xəstənasına apardı. Xəstəxanada əməliyyat olundum”.
İş üzrə şahid qismində ifadə verən Osmanın sözlərinə görə, rəsmi olaraq heç yerdə işləmir, Salmanı təxminən 10 ilə yaxındır tanıyır: “Salman qaynaqçıdır, onunla birlikdə işləmişəm. Adətən, zəng edərək maşınım olduğu üçün işə gedəndə onu da aparmağı xahiş edirdi. Bəzi vaxtlarda evinə çay içməyə dəvət edirdi. Salmanın arvadı Aytəni tərbiyəli və abırlı qadın kimi tanımışam, ona hörmətim olub.
Evdən kənarda çörək yeyən zaman Salman dəfələrlə arvadı Aytənin əxlaqsızlıq etdiyindən şübhələndiyini deyib. Mən isə “sən xəstəsən, başın xarabdı” deyərək onun arvadının elə qadın olmadığını bildirmişəm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Salmanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.