Sumqayıtda vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. 2003-cü il təvəllüdlü Murad Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib.
Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Xatırladaq ki, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış. Eyni zamanda, o, şəhid Vüsal Allahverdiyevin əmisidir.
Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.