Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Məmmədov onunla eyni müttəhimlər kürsüsündə əyləşmiş Tofiq Yaqublunun suallarını cavablandırmal olub.
Tofiq Yaqublu Elnur Məmmədova suallar versə də, o, sualları cavablandırmaqdan imtina edib.
Daha sonra zərərçəkmiş qismində tanınmış Elşən Hüseynov ifadə verib. O bildirib ki, sinir sindromu və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Nə Tofiq Yaqublu, nə də Elnur Məmmədovla ədavəti və düşmənçiliyi var, onların heç birini əvvəllər tanımayıb:
“Mən Elnur Məmmədovla sosial şəbəkədə dostluq etdim. Onunla yazışma zamanı xəstəliyim barədə danışdım. Xəstəliyimlə bağlı üç ölkədə - Almaniya, İsrail, ya da Belarusda müalicə almaq istədiyimi dedim. Mənim xəstəliyim bir günlük, iki günlük, bir aylıq müalicəsi bitən olmadığı üçün müalicə aldığım ölkədə uzun müddət qalmalı idim. Buna görə Elnur mənə Almaniyaya getmək üçün viza təşkil etməyi, orada oturum almağı təklif etdi. Bu mənim müalicə almağıma uyğun gəldiyi üçün razılaşdım.
Elnur həmin vaxt bu işləri görmək üçün Tofiq Yaqublunun adını çəkdi. Mən əvvəlcə ona inanmadım. Sonradan tanınmış şəxs olduğunu biləndə razılaşdım”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnur Məmmədovla Nərimanov Rayon Məhkəməsinin yaxınlığında görüşüb: “Həmin vaxt Elnur Tofiq Yaqubluya yaxınlaşdı. Onunla nəsə söhbət etdi. Elnurun əlində qara papka var idi. Onu Tofiq Yaqublu alaraq baxdı, sonra özünə qaytardı. Onlar görüşüb ayrıldılar. Düşündüm ki, görüşmək üçün məni də çağıracaqlar. Amma çağırmadılar. Səbəbini Elnurdan soruşdum. Dedi, sənin görüşməyin məsləhət olmadı”.
Elşən Hüseynov qeyd edib ki, onun evində 25 min avro olub, həmin pulu viza və Almaniyada oturum almaqdan ötrü Tofiq Yaqubluya çatdırılması üçün Elnur Məmmədova verib.
Onun sözlərinə görə, sonradan 10 min manat da istəyiblər, 10 min manatı olmadığı üçün tanışından bu məbləğdə pulu alaraq onlara verib: “Mənə dəymiş ziyan ödənilməyib. Ziyanın ödənilməsini istəyirəm. O pul mənim həyatımı, taleyimi həll edir”.
Daha sonra Elşən Hüseynov dövlət ittihamçısının suallarını cavablandırıb. Zərərçəkmiş qeyd edib ki, Elnur Məmmədovla bu məsələləri müzakirə edən zaman Tofiq Yaqublu ilə yanaşı Qənimət Zahidin də adını çəkib: “Mənə dedi ki, bu işləri görmək üçün onun tanışları var. Onların vasitəsi ilə məni Almaniyaya yollaya biləcək. Mən ondan tanışlarının kim olduğunu soruşdum. O da Tofiq Yaqublunun, Qənimət Zahidin adlarını mənə dedi”.
Bundan sonra Elşən Hüseynov Tofiq Yaqublu və onun vəkillərinin suallarını cavablandırıb.
Növbəti proses avqustun 16-da davam edəcək.
İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.