9 Fevral 2015 15:10
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aqrolizinq” ASC-nin Şəki rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, istintaq zamanı Cavanşir Qurbanovun 2005-2006-cı illərdə cəmiyyətin Şəki rayon “Aqroservis” filialının müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ASC-yə 360 min manat məğbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsi müəyyən edilib.

Habelə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vətəndaşa məxsus 5 min 400 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi də üzə çıxıb.

O, Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Bundan başqa, Cavanşir Qurbanovun Rafim Qurbanovun 2007-2014-cü illərdə həmin filialın müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə və kənd təsərrüfatı texnikasının satışından əldə olunmuş 5 milyon 363 min manat məbləğində pulu mənimsəməsində, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə və rəsmi sənədləri məhv etməklə cəmiyyətə 2 milyon 84 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törətmələri də üzə çıxıb. Rafim Qurbanova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü və 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, anbardar Mehman Rəcəbova isə Cinayət Məcəlləsinin 179.3.2 maddəsində nəzərdə tutulan ittiham elan edilibr.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: