10 Oktyabr 13:53
2 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə azyaşlı Ülviyyə Niftəliyevanın hüquqi varisi Rüstəm Niftəliyev ifadə verib.

O bildirib ki, hazırda Bakı şəhərində anket məlumatlarında qeyd etdiyi ünvanda müvəqqəti qeydiyyatda olmaqla babası Mirzə Rəsulov və nənəsi Ülviyyə Rəsulova ilə birlikdə yaşayır. Onun sözlərinə görə, mərhum Ülviyyənin atasının qardaşıdır.

Baş vermiş hadisə ilə əlaqədar qeyd edib ki, mərhum Əhmədova Elmira Mehman qızı onun doğma qardaşı Sərxan Niftəliyevin arvadı olub: "Elmira Əhmədova ilə qardaşım Sərxan Niftəliyev 25 yanvar 2020-ci il tarixdə Rusiyada rəsmi nikaha daxil olublar, birgə nikahdan 2021-ci ildə Rusiyada Ülviyyə adlı uşaqları anadan olub. Sərxan, Elmira və onların qızı Ülviyyə birlikdə Skovorodino şəhərində yaşayıblar.

Sərxan Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsində dispeçer işləyib.

Ülviyyə anadan olduqdan sonra Elmira həmin şəhərdə darıxdığını dedi. Həm də Skovorodino şəhərində havalar soyuq keçdiyi üçün Elmira azyaşlı qızı Ülviyyə və qayınanası Təranə xanımla birlikdə 2021-ci ilin yay aylarında Bakı şəhərinə gəldi. Onlar daimi olaraq Bakı şəhərində yaşamağa başladılar. Sərxan Rusiyada işlədiyi və hərbi çağırışçı olduğu səbəbindən Rusiyadan başqa ölkəyə gedə bilməzdi. Ona görə də Bakı şəhərinə gəlmədi".

Hüquqi varis qeyd edib ki, hadisə baş verən vaxtadək Elmira Sərxanla rəsmi nikahda qalıb və boşanma olmayıb: "Elmira Bakı şəhərinə gəldikdən sonra əvvəlcə atası Mehman, anası Pikə va qardaşı Əhmədin mənzilində onlarla birlikdə yaşadı. Lakin Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə eləməsi və onlara qarşı kobud hərəkətləri səbəbindən 2023-cü ilin yay aylarında Mehman Əhmədov qızı Elmiraya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni mənzil aldı. Elmira ilə qızı Ülviyyə həmin mənzildə yaşamağa başladılar".

Rüstəm Niftəliyevin sözlərinə görə, 2023-cü ilin yay aylarından hadisə baş verən vaxtadək Əhmədlə bacısı Elmira arasında hər hansı mübahisənin baş verib-verməməsi, Əhmədin ümumiyyətlə bacısıgilə gedib-getməməsi barədə məlumatı yoxdur.

O qeyd edib ki, 13 fevral 2024-cü ildə Bakı şəhərində yaşadığı evdə olub: "Mehman Əhmədovla eyni binada yaşayan xalası qızı Nəzrin telefonla zəng edərək dedi ki, Əhməd atası, anası və qardaşını qətlə yetirib. Mən də Elmiradan narahat olduğum üçün ona zəng vurdum. Lakin Elmira telefona cavab vermədi. Dərhal hadisənin baş verdiyi Xətai rayonu, General Şıxlinski küçəsindəki binaya getdim. Orada Elmira və Ülviyyənin yerini soruşdum.

Daha sonra Elmiranın yaşadığı mənzilə çıxdım. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mənzilin qapısı sındırıldı. İçəridə Elmira və Ülviyyənin meyitləri aşkar olundu. Bəlli oldu ki, bütün qətl cinayətlərini Əhməd Əhmədov törədib".

Rüstəm Niftəliyev qeyd edib ki, Əhmədlə cəmi bir neçə dəfə ünsiyyətdə olub: "Əhməddə az da olsa əqli gerilik əlamətlərini müşahidə etmişəm. Özünü sakit aparsa da, suallara gec cavab verirdi. Ailə üzvlərinin dediklərinə görə, idman yarışı vaxtı xəsarət aldığı üçün beynində pozuntu yaranmışdı. Amma Əhmədin şizofreniya xəstəsi olduğunu bilməmişəm".

Rüstəm Niftəliyev ifadəsinin sonunda təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Mehman Əhmədovun xalası oğlu Vüqar Əhmədov şahid qismində ifadə verib. O bildirib ki, hadisəni eşidəndən sonra ora gedib. Onun sözlərinə görə, ailə qapalı olub, bu səbəbdən daxildə baş verənlərdən heç bir məlumatı olmayıb.

Vüqar Əhmədov qeyd edib ki, mərhum Mehman Əhmədovla münasibətləri yaxşı olub.

Digər şahidlərin ifadəsi dinlənildikdən sonra işdə olan sənədlərin tədqiqi mərhələsi başlanıb.

İşdə olan sənədlərdən məlum olur ki, bundan əvvəl Əhməd Əhmədov ağır cinayət törədib. O, 2016-ci ildə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib və həmin cinayət işinə 2017-ci ildə xitam verilib.

Bundan başqa sənədlərdə qeyd olunub ki, Əhməd Əhmədov sürücülük vəsiqəsi alıb, həkim rəyinə görə, o sağlam olub.

Sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı Ziya Mansurov çıxış edib. O bildirib ki, Əhməd Əhmədovun cinayətləri anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. Bu əməlləri ilə o, Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşüb. Əhməd Əhmədovun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Prokuror Əhməd Əhmədovun cəzadan azad olunması, barəsində məcburi müalicə təyin edilməsini tələb edib.

Zərərçəkmiş şəxslərin hüquqi varisləri prokurorun çıxışı ilə razı olduqlarını deyiblər.

Daha sonra müşavirə keçirən hakimlər məhkəmənin qərarını açıqlayıblar. Qərara görə, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olması müəyyən edilib.

Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edilib. O, cinayət məsuliyyətindən azad olunub.

Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Əhməd Əhmədovun barəsində prokurorluq tərəfindən məhkəyə göndərilən qərarda göstərilib ki, dəhşətli qətl hadisəsi bu il fevralın 13-də baş verib. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilib.

Qərardan məlum olub ki, Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb. Onun şizofreniyadan əziyyət çəkdiyi sübuta yetirilib.

Əhməd orta məktəbdə 9-cu sinifə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

Qərara görə, Əhməd Əhmədov ailə üzvlərini öldürməsinin səbəbini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edilib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb.
İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb. Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib.

Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Qatil oğul evdə atasını tək olanda öldürüb.

Atası öləndən sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb.

Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb.İstintaq materiallarına görə, balta ilə əvvəl anasını sonra da qardaşını öldürüb. İşini bitirdikdən sonra baltanı evin şkafında gizlədib.

Qeyd olunub ki, dəhşətli qətllərin törədildi ərazidə polis əməkdaşları olub. Orada olan Əhmədin özünü şübhəli aparması nəticəsində saxlanılıb. Dəhşətli qətllərin üstü açılıb.

Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər