5 Dekabr 2024 10:47
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən "Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O bildirib ki, Hüseyn Abdullayevin əməli həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Dövlət ittihamçısı Hüseyn Abdullayev 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Sabiq deputat məhkəməyə Bakı İstintaq Təcridxanasından onlayn formada qoşulub. Prosesdə vəkillərin vəsatəti əsasında tanınmış həkim, professor Adil Qeybullanın sabiq deputatı təkrar müayinə olunmasına şərait yaradılması ilə bağlı vəsatət təmin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə professor A.Qeybullanın Bakı İstintaq Təcridxanasına girişinə icazə verilib.

Daha sonra vəkil Günay İsmayılova müvəkkili barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb:

"Hüseyn Abdullayev sürətlə çəki itirir, doğru-düzgün müalicə olunmalıdır. Həbsxana şəraitində onun vəziyyəti daha da pisləşir. Ölümcül hala gəlməməsi üçün ev dustaqlığına buraxılmasını xahiş edirik".

Məhkəmə vəsatəti təmin etməyib.

H.Abdullayev məhkəmənin tez bir zamanda yekunlaşmasını istəyib. O, qısa çıxış edərək günahsız olduğunu bildirib:

"Səhhətimdə ciddi problemlər var. Mənim heç bir cinayətim yoxdur. İş düzgün aparılmır. Ayıbdır, ayıbdır... Sizdən xahiş edirəm, çirkli pullar barədə mənə dəlil göstərin, sonra lap ömürlük cəza verin".

Sabiq deputatın özü və müdafiəçilərinin razılığı ilə dindirilməyən şahidlərin ifadəsi elan olunmuş hesab edilib. Dövlət ittihamçısının çıxışından sonra məhkəmə prosesi dekabrın 19-a kimi təxirə salınıb.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. İttihama münasibət bildirən Hüseyn Abdullayev özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər