09:00
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sonuncu şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Daha sonra hakimlər heyəti şahidlərin dindirilməsinin başa çatdığını elan ediblər.

Bundan sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Cinayət işində olan sənədlər elan edilib.

Prosesə sədrlik edən hakim Rasim Sadıxov təqsirləndirilən şəxsdən peşman olub-olmadığını soruşub.

Elşən Hüseynov əməlindən peşman olmadığını deyib. O bildirib ki, Rəsul Həsənlini öldürmək niyyətində olub. Təqsirləndirilən şəxs bildirib ki, Rəsul Həsənli onun “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşməsinə 4 ay ərzində bir dəfə də olsun imkan verməyib. Deyib ki, Əli Şərbətovla görüşməsi üçün onun icazəsi olub: "Mən imam elan olunmuşam, mənə hər şey olar".

Daha sonra hakimlər məhkəmə istintaqının başa çatması barədə tərəflərin fikirlərini soruşub. Həm dövlət ittihamçısı, həm də təqsirləndirilən şəxsin vəkili məhkəmə istintaqının tamamlanmasını istəyib.

Hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün dövlət ittihamçısına söz veriblər.

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses dekabrın 24-də keçiriləcək.

İttiham aktında göstərilib ki, 2023-cü il avqustun sonunda Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovla görüşüb fikirlərini bölüşüb, onların arasında fikir ayrılıqları yaranıb. Bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb.

Bir neçə ay bu hal davam etikdən sonra Elşən Hüseynov bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, sui-qəsd törətmək üçün Əli Şərbətovun otağına daxil ola bilməyib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb.

Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib.

Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Hüseynov Elşən Fəxrəddin oğlu DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər