Bakının Sabunçu rayonunda 2006-cı il təvəllüdlü Samir sosial şəbəkədə tanış olduğu Fərqanəni (adlar şərti verilib – red.) lüt fotoları ilə şantaj edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Samir “İnstaqram” sosial şəbəkəsində “Blomister” adı ilə qeydiyyatdan keçib və orada Fərqanə ilə qiyabi tanış olub. Münasibət yaradaraq rüsvayedici məlumatlar yayma hədəsi ilə onun çılpaq şəkillərini, videoyazısını, habelə bacısının şəkillərini əldə edib.
Samir 2024-cü ildə Fərqanədən rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1000 manat pul tələb edib.
Fərqanə mobil telefon vasitəsilə onun hesabına 50 manat köçürüb.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
“Şəkillərini götürdüyümü dedim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 3 ilə yaxındır özünə məxsus iki telefonda “PubG” oyunu oynayır:
“Həmin oyunda ləqəbim Timadır. 4-5 ay əvvəl “PubG” oyununda Fərqanə adlı qızla tanış oldum. 29 fevral 2024-cü ildə oyunda Fərqanəyə yazdım və profili vasitəsilə oyuna girərək oynamaq üçün login parolunu istədim. Fərqanə login və parolunu verdi. Lakin oyuna girə bilmədim. “PubG” hesabını, həmçinin onun “Facebook” loginini istədim. Fərqanə də mənə “Facebook”da qeydiyyatdan keçdiyi hesabının adını və parolunu verdi.
Bir neçə dəqiqə sonra Fərqanənin “Whatsapp” nömrəsinə doğrulama mesajı göndərdim. Bunun nə olduğunu soruşduqda ona “Facebook”un kodu olduğunu və oyuna girmək üçün gərəkli olduğunu bildirdim. Fərqanə mənə inanaraq kodu verdi.
Kodu “Whatsapp" ani mesajlaşma sisteminə yazaraq onun “Whatsapp”ına daxil oldum. Daha sonra “İnstagram” sosial şəbəkəsində Fərqanəyə məxsus “pisst98” adlı profilə öz açdığım “Blomester” adlı profildən yazdım. Ona Tima olduğumu, “Whatsapp” ani mesajlaşma sisteminin məndə olduğunu, anasının, bacısının, rəhmətə getmiş atasının, həmçinin telefonundakı uyğunsuz formada çəkilən şəkillərini “Whatsapp”dan götürdüyümü, dediklərimi etməsə, sosial şəbəkələrdəki “ifşa səhifələri”ndə yayacağımı bildirdim”.
“Lüt şəkillərini göndərməyini tələb etdim”
Samir qeyd edib ki, daha sonra Fərqanəyə “İnstagram”da görüntülü zəng edib və mobil nömrəsini qırmağını istəyib ki, “Whatsapp”a bir daha daxil ola bilməsin: “Fərqanə mənim əlimdə şəkillərinin olduğunu və paylaşacağımdan ehtiyat etdiyi üçün dərhal nömrəsini qıraraq atdı.
Fərqanədən “İnstagram”da soyunmuş halda şəkillərini çəkərək mənə göndərməyini tələb etdim. O da çılpaq formada şəkillərini çəkərək göndərdi. Növbəti gün yenidən ona “İnstagram”da zəng etdim və görüntülü danışmaq istədiyimi bildirdim. Fərqanə görüntünü açandan sonra soyunmasını istədim. Lakin o, buna etiraz etdi.
Mən bir gün öncə əldə etdiyim şəkillərini Telegramda paylaşacağımı bildirdim. Fərqanə bundan qorxaraq kamera qarşısında soyunmağa başladı. Beləliklə, 4 gün Fərqanə ilə “İnstagram”da görüntülü danışdım, hamısında da onun soyunmuş halda mənimlə danışmasını istədim. İfşa səhifələrində videolarını paylaşacağımdan ehtiyat etdiyi üçün mənimlə soyunmuş halda danışdı”.
“Pul tələb etdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 6 mart 2024-cü ildə gecə saat 01:30-da Fərqanəyə “İnstagram”da yazıb, 1000 manat pul istəyib, pulu göndərəndən sonra bu söhbətin bağlanacağını bildirib:
“Həmin vaxt mən Zabrat qəsəbəsindəki evimizdəydim. Fərqanə mənə bu qədər pulunun olmadığını bildirdi. Anasını telefona çağırmasını istədim. O, anasını yuxudan oyadaraq çağırdı. Telefonda anasına qızı Fərqanənin məndə çox sayda videolarının olduğunu, 1000 manat pul göndərmədikləri təqdirdə videoları yayacağımı bildirdim.
Fərqanənin anası mənə bu etdiyimin cinayət olduğunu bildirdi və polisə şikayət edəcəyini dedi. Cavab verdim ki, mənim əsl adım Tima deyil, məni heç kim tapa bilməz, şəxsiyyətimi heç kim müəyyən edə bilməz. Pulu ödəməyəcəkləri halda şəkilləri sosial şəbəkələrdə paylaşacağımı dedim. Martın 8-nə kimi 1000 manat pulu göndərmələrini tələb etdim”.
“Lüt videolarını göndərdim”
Samirin ifadəsinə görə, martın 8-də “Whatsapp” nömrəsi ilə qeydiyyatdan keçib və Fərqanəyə “AnyDesk” adlı proqramı telefona yükləməyi bildirib: “Fərqanə bu proqramın nə olduğunu soruşdu. Bildirdim ki, “Whatsapp”a bənzər proqramdır, orada ona şəkillər göndərəcəm. Fərqanə buna inandı və proqramı yükləyərək kodu mənə verdi.
Mən dərhal “AnyDesk" uzaqdan nəzarət proqramı vasitəsilə Fərqanənin telefonuna daxil oldum və qalereyadakı onun bacısına məxsus şəkilləri götürdüm. Həmin şəkilləri fotoşopda montaj edərək çılpaq halda qız şəklinə çevirdim və Fərqanəyə göndərdim. Bildirdim ki, dərhal dediyim məbləği göndərsin, əks halda bacısı Nailənin də şəkillərini yayacam.
Fərqanə dərhal 50 manat pul tapdı və pulu hara göndərəcəyini soruşdu. Mən öz kartıma və nömrəmə pul göndərilərsə, polis tərəfindən tutula biləcəyim üçün Fərqanəyə bildirdim ki, mobil nömrəsini M10 elektron pul köçürmə sistemində qeydiyyatdan keçirsin, telefonuna gəlmiş kodu mənə versin. Fərqanə kodu verdi və onun nömrəsi ilə M10 hesabı açdım. Pulu ora göndərməsini tələb etdim.
Martın 8-də 50 manat pulu mobil nömrənin M10 hesabına köçürdü. Mən daha sonra M10 tətbiqinə daxil oldum, pulu həmin nömrədən özümə məxsus mobil nömrənin M10 hesabına, oradan da atama məxsus olan, lakin mənim istifadəmdəki karta köçürdüm. Qalan vəsaiti də tezliklə göndərməsini tələb etdim.
Fərqanə artıq pul verməyə imkanının olmadığı bildirdi, məni qara siyahıya əlavə etdi. Pulu vermədikləri üçün martın 10-da Telegramda “ifşa xana AZE” adlı 120 nəfər izləyicisi olan səhifəyə daxil oldum. Həmin səhifənin admini sayılan “Aze_ifsa_bot” profilinə Fərqanənin lüt videolarını göndərdim.
Videosunu göndərdiyim qadının adının Fərqanə olduğunu, Zabratda qaldığını, 26 yaşı olduğunu və mobil nömrəsini bildirdim. Həmin gün qeyd etdiyim səhifədə Fərqanənin videosu paylaşıldı. Bundan sonra Fərqanə ilə bir daha əlaqə saxlaya bilmədim”.
“Şəkillərimi çəkib göndərdim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, təxminən 6 ilə yaxındır “PubG” oyunu oynayır, Tima ləqəbli şəxslə həmin oyunda tanış olub:
“29 fevral 2024-cü ildə Tima oyunda mənə yazdı və profili vasitəsilə oyuna girərək oynamaq üçün məndən login parolumu istədi. Elektron ünvanmın adını və parolunu ona verdim.
Tima oyuna girə bilimədiyini bildirib, “Facebook” loginimi istədi. “Facebook”un login və parolunu da verdim. Bir neçə dəqiqə sonra telefonuma kod gəldi. Timadan bu kodun nə olduğunu soruşdum. O da “Facebook”un kodu olduğunu bildirdi. Timaya inanaraq 6 rəqəmli kodu ona verdim. Nömrəmin “Whatsapp” ani mesajlaşma sistemindən çıxdığını gördüm.
Bu zaman “İnstagram” sosial şəbəkəsində mənə məxsus profilə “Blomester8” adlı profildən yazı gəldi. O, yazanın Tima olduğunu bildirdi və “Whatsapp” ani mesajlaşma sisteminin onda olduğunu, anamın, bacımın, mərhum atamın və hər kəsin nömrəsinin, həmçinin telefondakı uyğunsuz formada çəkilən şəkillərimi götürdüyünü, dediklərini etməsəm, sosial şəbəkələrdəki “ifşa səhifələri”ndə yayacağını bildirdi. Mən bundan çox qorxdum.
Tima mənə “İnstagram”da görüntülü zəng etdi. Məndən nömrəmi qıraraq atmağımı tələb etdi. Onun əlində şəkillərimin olduğunu və paylaşacağından ehtiyat etdiyim üçün dərhal nömrəmi qıraraq atdım. Sonra məndən soyunmuş şəkildə şəkillərimi çəkərək göndərməyimi tələb etdi. Mən Timaya həmin formada şəkillərimi çəkərək göndərdim”.
Fərqanə qeyd edib ki, Samir növbəti gün yenidən ona “İnstagram”da zəng edib və görüntülü danışmaq istədiyini bildirib: “Yenidən görüntünü açdıqda Tima məndən soyunmağımı tələb etdi. Mən imtina etdikdə Tima bir gün əvvəl əldə etdiyi şəkillərimi Teleqramda paylaşacağını bildirdi.
Onun dediyini etdim və kamera qarşısında soyundum. Dörd gün sonra lüt vəziyyətdə danışmağımı tələb etdi”.
“Anama şantaj olunduğumu bildirdim”
Fərqanənin ifadəsinə görə, martın 6-da saat 01:30-da Tima ona 1000 manat əvəzində söhbəti bağlayacağını deyib: “Ona bu məbləğdə pulumun olmadığını bildirdim. Tima məndən anamı telefona çağırmağımı istədi.
Anamı oyadaraq şantajla qarşılaşdığımı bildirdim. Anam telefona gələrək Timaya etdiyi əməlin cinayət olduğunu bildirdi, polisə şikayət edəcəyimizi dedi. O da cavabda söylədi ki, şəxsiyyətimi müəyyən edə bilməyəcəksiz, hara istəyirsiz şikayət edin, pulu ödəməsəniz, şəkilləri sosial şəbəkədə paylaşacam. Martın 8-də pulu ödəməyimizi istədi”.
“Lüt şəkillərimin paylaşıldığını gördük”
Fərqanə qeyd edib ki, martın 8-də “Whatsapp” nömrəsini qeydiyyatdan keçirib və Tima ondan telefonuna “AnyDesk” proqramını yükləməsini istəyib: “Mən bunun nə proqram olduğunu soruşdum. Tima bunun da “Whatsapp” kimi bir proqram olduğunu, mənə şəkil göndərəcəyini bildirdi.
Proqramı yükləyib kodunu Timaya verdim. Bir neçə dəqiqədən sonra o, bacımın şəkillərini telefonumun qalereyasından götürdüyünü və çılpaq formada montaj etdiyini bildirdi. Ona 50 manat pul tapdığımı bildirdim. 50 manatı M10 tətbiqinə yüklədim.
Martın 10-da bacımın ”Whatsapp”ına mesaj gəldi və Telegram kanalındakı “İfşa xana AZE” adlı səhifədə lüt formada çəkilmiş şəkillərimin paylaşıldığını gördük”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Samir 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.