"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov çıxış edib.
Onun sözlərinə görə, iki zərərçəkmiş şəxs müraciət edib və cinayət işi üzrə zərərçəkmiş qismində iştiraklarına xitam verilməsini istəyiblər. Vəkil deyib ki, bunlar Elçin Nəcəfov və Vaqif Hacıyevdir. Vəkil bu halın nəzərə alınmasını, onların zərərçəkmiş qismində statuslarına xitam verilməsinin istəyib.
Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, hazırda bu məsələnin müzakirə edilməsinin mümkün olmadığını deyib. Bildirib ki, ibtidai istintaq zamanı həmin şəxslərin ifadələri var, onların məhkəmədə ifadələri alınan zaman bu məsələ müzakirə oluna bilər.
Mehriban Abasquliyevanın digər vəkili Çingiz Bəşirov deyib ki, zərərçəkmiş şəxsi zorla saxlamaq mümkün deyil: "Şəxs özü zərərçəkmiş olmaq istəmir. Bunu zorla zərərçəkmiş kimi təqdim etmək olmaz. Cinayət Prosessual Məcəlləsinin tələbə uyğun olaraq zərərçəkmiş statusundan imtina edirsə, buna qanunla xitam vermək mümkündür. Bu bəyəm novelladır?".
Vəkillər vəsatətlərin təmin olunmasını istəyib.
Yerində müşavirə keçirən hakimlər vəsatət barədə qərar qəbul edib. Qərarda göstərilib ki, zərərçəkmiş şəxslərin ifadəsi alınmamış müzakirə oluna bilməz.
Daha sonra Mehriban Abasquliyevanın məhkəməyə göndərdiyi ərizə elan olunub. O, ərizəsində yanğınla bağlı izahat verib, yanğın təhlükəsizliyi texnikalarına baxış keçirilməsini istəyib. Bildirib ki, texniki işlərə baxan növbədə olan şəxslər yerində olmayıblar, yanğın baş verəndən sonra onların harda olmaları barədə video görüntülər var. O, həmin görüntülərin araşdırılmasını istəyib.
Vəkil Çingiz Bəşirov bildirib ki, video görüntülərə baxanda hər şey aydın görünəcək: "Biz videonu yığcam formada hazırlamışıq və məhkəməyə təqdim etmişik. Əgər şübhə varsa, hamısına baxmaq lazımdır, baxa bilərsiz. Biz 31 dəqiqəlik videonu məhkəməyə təqdim etmişik".
"Burda müəyyən edilir ki, təqsirləndirilən şəxslərin bu işdə heç bir günahı yoxdur. Yanğın təhlükəsizliyinə məsul olan şəxslərin məsuliyyətsizliyindən bu hadisə baş verib", - deyə Mehriban Abasquliyevanın digər vəkili Mustar Mustafayev qeyd edib.
Məhkəmə vəsatəti təmin edib və məhkəməyə təqdim olunan videonun işə əlavə olunması barədə qərar qəbul edib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ müzakirə edilib və tədqiq olunacaq.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Dövlət ittihamçısı çıxışında qeyd edib ki, baş verən yanğın zamanı tibbi avadanlıqların da yanması nəticəsində 177 min manat ziyan dəyib. O bildirib ki, baş verən yanğın 7 uşağın ölümü ilə nəticələnib.
İttihama münasibət bildirən Mehriban Abasquliyeva bildirib ki, ona qarşı irəli sürülən ittiham tamamilə uydurmadır: "Mən özümü qətiyyən təqsirli bilmirəm".
Digər təqsirləndirilən şəxslərin hər ikisi özlərini təqsirli bilməyiblər.
Növbəti proses 2025-ci il yanvarın 13-də keçiriləcək.
Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.