Mixail Saakaşvili Ukraynadan Gürcüstana gəminin soyuducu bölməsində qaçaq gəlib.
Teleqraf.com "Sputnik Gürcüstan" kanalına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin Gürcüstana gəldiyi gəminin kapitanı məhkəmədə ifadəsi zamanı deyib.
"Əvvəlki hökumət dövründə Daxili İşlər Nazirliyinin rəis müavini Gia Lortkipanidze Saakaşvilini Gürcüstana çatdırmağı məndən xahiş etdi. Gürcüstanın keçmiş prezidenti gəminin soyuducu bölməsində gizləndi. Biz öncə bərə ilə Odessa limanına, ondan sonra isə Poti limanına asanlıqla daxil olduq. Mənə Gürcüstana gələn kimi bizi qarşılayacaqları barədə məlumat verilmişdi. Ancaq biz limana çatanda heç kim gəlmədi. Səhəri gün Saakaşvilini Tbilisinin Sanzona rayonuna apardım. Daha sonra polislər gəldi onu apardı" - kapitan məhkəmədə ifadəsi zamanı deyib.
Qeyd edək ki, Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi çərçivəsində daha 4 nəfərə qarşı ittiham irəli sürülüb.