Ukraynanın Lvov Regional Şurasının Avropa Həmrəyliyi Partiyasından olan deputatı Vladimir Domanski rüşvət aldığı üçün saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb.
Məlumata görə, Domanskidən başqa, onun şəriki, yerli icmalardan birinin şəhər rəhbərinin müavini də saxlanılıb.
“Onlar yerli sahibkarı aldadaraq ondan dələduzluq yolu ilə 1 milyon 200 min qrivna (təxminən 48 min manat) almağa cəhd ediblər”, - məlumatda deyilir.
Təqsirləndirilən şəxslər yerli iş adamına rayonda tikinti işlərinin aparılması üçün tenderin qalibi olmaqda köməklik göstərəcəklərini vəd ediblər. Ancaq həmin iş adamı sonradan bundan imtina edib və tenderi kənar dəstək olmadan qazanıb. Deputat və şəriki isə sahibkara guya köməklik etdiklərini deyərək ondan "haqq" tələb ediblər.